Yevlaxda ər arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 09 iyul 2025, 14:16
Yevlax rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Yevlax rayonunun kəndlərindən birində baş verib. 

Samux rayon sakini, 1977-ci il təvəllüdlü Bəhlul kənddə yerləşən fərdi yaşayış evində arvadı Nərminə (adlar şərtidir – red.) ilə aralarında mübahisə yaranıb. 

Şəxsi münasibətlər zəminində münaqişə zamanı təqsirləndirilən şəxs yumruqla arvadının sağ göz nahiyyəsindən zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Bəhlulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, beş ildir zərərçəkmiş şəxs ilə ailə həyatı qurub: 

“Bizim birgə nikahımızdan bir övladımız var. Nərminə ilə əvvəllər münasibətlərimiz yaxşı olub. Hadisə günü, səhər saat 7 radələrinə mən və yoldaşım işə getmək üçün hazırladıq. İşə hazırlaşan zaman yoldaşımın evdə olan bir ədəd çörəyin yarısını mənə, yarısını isə qayınanama saxladığını gördüm. Bunu bildikdən sonra arvadıma öz iradımı bildirməyə başladım. 

Bu zaman Nərminə mənə cavab qaytardı. Buna dözməyərək arvadımın sağ göz nahiyyəsindən 1 dəfə yumruqla zərbə vurdum. Mübahisə zamanı qayınanam bizi aralaşdırmaq üçün araya girdi. Bundan sonra arvadım “102” xidmətinə əsəbiləşərək zəng edərək bu barədə məlumat verdi”. 

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs arvadı ilə barışıb. Zərərçəkmiş şəxs ona qarşı şikayətini geri götürüb. 

Məhkəmənin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. 

Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top