“Hazırda İranda islahatçı və mühafizəkar qanad arasında ciddi mübarizə gedir” — AÇIQLAMA

GÜNDƏM 09 iyul 2025, 14:04
"İran Prezidentinin son üç ayda iki dəfə Azərbaycana səfərə gəlməsi çox önəmli bir hadisədir. Əslində, bu səfərlər Azərbaycanla bağlı həm İranda müəyyən siyasətdə dəyişiklik olduğunu göstərir, həm də İran cəmiyyətində Azərbaycanla bağlı yaradılmağa çalışan obrazın dəyişməsinə yardım edir.  İran Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatılarkən, ona Azərbaycanda onun həyatı ilə bağlı hansısa təhlükələrin ola biləcəyi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, səfərə gəldi və bu səfərinin çox uğurlu olduğunu qeyd etdi".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

O bildirib ki, hazırda İranda bölgə ölkələri, o cümlədən Azərbaycanla bağlı siyasət üzərində mübahisələr davam etməkdədir:

"Belə ki, İranda sərt xətt tərəfdarı olan mühafizəkarlar Azərbaycana qarşı 35 ildən bəri yürüdülən ənənəvi siyasətin davam etdirilməsini istəyirlər. Bu siyasətin də mərkəzində dayanan əsas niyyət Azərbaycanın müstəqil dövlət olaraq güclənməsinin qarşısını almaq, məhz bu səbəbdən Ermənistanı dəstəkləməkdir. İranın xarici siyasət doktrinasında da bu müddəa yazılıb.

Amma keçən ildən hakimiyyətə gələn Pezəşkian və islahatçı qanad region ölkələri ilə münasibətləri normallaşdırmaq üçün səylər göstərməyə çalışırlar. Belə ki, İranın son 46 illik tarixinə baxdığımızda bu siyasətin mərkəzində duran əsas hədəf Azərbaycanın daxilində, qonşu ölkələrdə və regionda İranın proksi qüvvələrini yaratmaq, İranın bölgədə təsirini artırmaq və dövlətlərin daxili işlərinə qarışmaq olub. İslahatçılar, o cümlədən Pezeşkian isə bu siyasətin dəyişdirilməsini və qonşularla normal münasibətlərin qurulmasını müdafiə edir".

Politoloqun sözlərinə görə, hazırda İranda islahatçı və mühafizəkar qanad arasında bu məsələdə ciddi fikir ayrılığı var və mübarizə gedir:

"Xüsusilə də son dövrlərdə islahatçıların nüfuzunun müəyyən qədər qalxmasında 12 günlük müharibə ilə bağlı bir məsələ var. Bu müharibə zamanı mühafizəkar qanadın əsas siması olan dini lider Xamenei və onun yaxın ətrafı ortalıqda görünmədiyi halda, islahatçı qanad başda Pezeşkian olmaqla ortadaydı, prosesləri idarə etməyə çalışırdılar, brifinqlər verdilər və öz vəzifələrini yerinə yetirdilər.

O baxımdan bu amil də son dövrlərdə Pezeşkianın nüfuzunun artmasına təsir edən faktorlardandır. Məhz onun nüfuzunun artması mühafizəkar qanadı narahat edir. Onun əleyhinə müəyyən kampaniyaların bundan sonra da həyata keçiriləcəyi gözlənilir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top