İlham Surxayoğlu: "Avropada Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlılıq səviyyəsi qənaətbəxş deyil" — MÜSAHİBƏ

DİASPOR 04 noyabr 2024, 15:25
23-27 oktyabr tarixlərində Belçika Krallığının paytaxtı, Avropanın siyasi mərkəzi Brüssel şəhərində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda silsilə tədbirlər keçirildi. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi tərəfindən Avropanın siyasi mərkəzində həyata keçirilən layihə çərçivəsində Qərbi Azərbaycandan didərgin salınmış və deportasiya edilmiş soydaşlarımızın beynəlxalq hüquqa və konvensiyalara uyğun olaraq öz doğma yurdlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmin edilməsi və bu prosesdə Ermənistanın öz öhdəliklərini yerinə yetirməsinin vacibliyi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Demokrat.az Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham Surxayoğlu (İsmayılovla) müsahibəni təqdim edir:

— İlham bəy, Avropa ölkələrində Qərbi Azərbaycan həqiqətləri barəsində nə dərəcədə məlumatlıdırlar?

— Avropa ölkələrində Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlılıq səviyyəsi o qədər də qənaətbəxş deyil. Uzun illər Xocalı soyqırımı, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı bir çox tədbirlər keçirmişik. Ancaq ermənilər hər zaman dünyada "dənizdən-dənizə böyük Ermənistan" ideyasını təbliğ ediblər. Ona görə də biz uzun illərin təbliğatını aparmış bir toplumla üz-üzə qalmışıq. Biz bugünkü Ermənistan torpaqlarının vaxtilə Azərbaycana məxsus olduğunu deyəndə təbliğat işini yenidən başlatmalı oluruq. Təbii ki, bu faktları bizim xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, ictimai fəallarımız bilirlər, amma topluma kifayət qədər çatdırılmayıb. Bu baxımdan biz çox iş görməliyik”. 

— Brüsseldə keçirilən silsilə tədbirlər Qərbi Azərbaycan barəsində məlumatlılıq səviyyəsinin artırılmasına təsir edibmi? 

— Təbii ki, bu tədbirlər mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə yerli təşkilat rəhbərləri və media qurumlarının təmsilçiləri iştirak etdi. Niderlanddan, Almaniyadan, Danimarkadan, Fransadan, Belçikanın öz təşkilatlarından gələn nümayəndələr var idi. Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya dövlətimizin prioritet istiqamətlərindən biri olduğuna görə, biz də bu çərçivədə layihələr həyata keçiririk. Qayıdışın hüquqi aspektlərini müzakirə etməklə bir daha bu məsələni gündəmdə saxlayırıq. Bütün il boyu bu məlumatların təbliğ edilməsinə ehtiyac var. 

— Bu tədbirlərin keçirilməsinə yerli qurumlar, təşkilatlar tərəfindən hansısa şəkildə dəstək göstərildimi?

— Əlbəttə, bu qurumların dəstəyi danılmazdır. Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika-Dostluq Cəmiyyətinin sədri, Qərbi Azərbaycan əsilli Ayxan Dəmirçi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri, Qərbi Azərbaycan əsilli İlhan Aşkın, Belçika-Türk Media Birliyinin sədri Hüseyn Dönməz,  Benilüks Azərbaycanlıları Konqresinin prezidenti, Qərbi Azərbaycan əsilli Elsevər Məmmədov, Belçika-Gent Türk Ocaqları Mərkəzinin rəhbəri Rəcəb Tuncər Sarının dəstəyi xüsusi qeyd olunmalıdır.  Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən "Kanal Avropa TV" peyk kanalının "Brüssel Gündəmi" proqramında iki saata yaxın yayımlanan  çıxışımızda bir çox vacib məqamları açıqladıq. Avropada bir çox tanınmış təşkilatın olduğunu nəzərə alsaq, onların rəhbərlərini tədbirimizdə bir araya toplamaq uğurlu fəaliyyətin nəticəsi idi. 

— Qərbi Azərbaycan mövzusunda Avropa ölkələrindəki Azərbaycan və Türkiyə diasporunun apardığı birgə təbliğatı necə qiymətləndirirsiz?  

— Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışında səsləndirmişdi ki, biz bir millət, iki dövlətik və bir millətin iki diasporu ola bilməz. Bu gün Türkiyə və Azərbaycan diasporları birgə fəaliyyət göstərməlidirlər. Düzdür, bir qədər soyuqluq var, oradakı təşkilat rəhbərlərindən də biz bunu duyduq. Hələ 44 günlük müharibədən öncə telekanalların birində təklif verdim ki, Türkiyə və Azərbaycan diaspor təşkilatları birgə fəaliyyət üçün birləşməlidirlər. Çünki Türkiyə vətəndaşları vaxtilə Brüsselə və digər Avropa şəhərlərinə yerləşiblər, kompakt şəkildə yaşayırları, güclü təşkilatları var. Təkcə Brüssel şəhərində 250-300 minə yaxın türk yaşayır. 

Diasporla İş üzrə Dövlət Komitəsinin müxtəlif şəhərlərdə yaratdığı Azərbaycan evləri var, koordinasiya şuraları var. Bunlar türk diasporları ilə əlaqəli şəkildə işləməlidirlər. Xocalı soyqırımı ilə bağlı keçirdiyimiz tədbirlərdə də türk diasporları həmişə bizə dəstək verirdi. Avropa Şurası, Avropa Parlamenti önündə, Avropa Komissiyasının, Avropa İttifaqının önündə  mitinqlər keçirmişik. Bu mitinqlərdə bizə dəstək verənlər türk fəallar olublar. Bu gün sanki hər şey bitibmiş kimi oturmalı deyilik. Çünki Azərbaycana qarşı təzyiqlər, ikili standartlar davam edir. Sülh müqaviləsinin bağlanmasının, Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq istəyənlər var. Bunlar hamısı Avropa məkanından gəlir, ona görə də bunlara qarşı diaspor təşkilatlarının birləşməsi olduqca vacibdir. 

— Yaxın gələcəkdə başqa Avropa şəhərlərdə də Azərbaycanla bağlı bu cür tədbirlərin keçirilməsi gözlənilirmi?

— Budəfəki tədbir Qərbi Azərbaycana qayıdışla bağlı Avrooa məkanında keçirilən sayca ikinci tədbir idi. Növbəti tədbiri Avropada fəaliyyət göstərən təşkilatları, media qurumlarını dəvət etməklə Azərbayacanda keçirməyi planlayırıq. İstəyirik ki, təşkilat, media qurumları rəhbərlərinin işğaldan azad edilmiş rayonlara səfərlərini təşkil edək. Onlar dağıdılmış şəhər və kəndlərimizi, erməni vandalizminə tuş gələn tarixi abidələrimizi, məscidlərimizi görməlidirlər. Abadlıq işləri gedir, bunu da görməlidirlər, şəhərlərimiz artıq əvvəlki görkəminə qayıdır. Amma nə qədər ki, dağıdılmış yerlər qalıb, insanlar bunu görməlidirlər. Şuşada, Xocalıda böyük heyətlə tədbirlər keçirməyi planlaşdırırıq. Mövcud vəziyyəti öz gözlərilə görüb qayıtdıqdan sonra öz ölkələrində təbliğat aparmalarını təmin etməliyik. Aprel ayının sonu may ayında belə bir tədbir təşkil edə bilərik.

Qeyd edim ki, Brüsseldə keçirdiyimiz tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilib. Layihə çərçivəsində tərəfdaş təşkilat Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir. Fürsətdən istifadə edib, sözügedən qurumların rəhbərlərinə bir daha təşəkkürümü çatdırıram.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top