“Medo” ləqəbli Məmməd Məmmədov Oistervijk şəhərində yad edildi — FOTO

DİASPOR 03 oktyabr 2025, 10:29
Bu gün Azərbaycan Respublikasının Haaqadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə və diplomatlar, Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımov, Niderlandın Oistervijk şəhərinin meri və CDA partiyasının nümayəndəsi Hans Janssen II Dünya müharibəsi zamanı Hollandiya müqavimət hərəkatına başçılıq etmiş “Medo” ləqəbi ilə tanınan Məmməd Məmmədovun şərəfinə ucaldılmış monumenti ziyarət ediblər.

Demokrat.az
bildirir ki, Oistervijk şəhərindəki görüşdə qəhrəmanın qızı Nensi Dumen və həyat yoldaşı Adri Dumen də iştirak etmişlər. Oistervijk şəhərini ziyarət etmiş heyət Niderlandın azərbaycanlı qəhrəmanının adı verilmiş “Mamed Mamedovpad” küçəsini də ziyarət etmişlər.

2012-ci ilin iyun ayında Məmməd Məmmədovun adının əbədiləşdirilməsi prosesi o zamankı səfir Fuad İsgəndərovun təşəbbüsü ilə həyata keçirilmişdir. Əslən Zaqatala rayonunun Muğanlı kəndindən olan Məmməd Məmmədov bu gün də Zaqatala və Oistervijk şəhərləri arasında körpü rolunu oynayır.

2019-cu ildə Avropa Azərbaycanlılar Konqresinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin və Zaqatala şəhər rəhbərliyinin dəstəyi ilə qəhrəmanın doğulub boya-başa çatdığı Muğanlı kəndində ev muzeyi açılmış, Medonun ailəsi və Oistervijk şəhərinin rəhbərliyi açılışda iştirak ediblər.

Həmin ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Medonun ailəsi ilə görüşmüş və yenidən ata ocağına dəvət ediblər.

Xatırladaq ki, “Medo” ləqəbli Məmməd Məmmədov Niderland Krallıq Sarayının fəxri üzvü olmuş, ona Niderlandın Milli Qəhrəmanı adı verilmiş və Kraliça Beatriks tərəfindən “Oranje Nassau Ordeni” ilə təltif edilmiş və Krallığın “Cəngavər” titulunu qazanmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə Məmməd Məmmədov “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” medalı ilə təltif olunmuşdur.
Səfir Məmməd Əhmədzadə və Oistervijk şəhərinin rəhbərliyi arasında qarşılıqlı əməkdaşlıq və gələcək planlar haqqında müzakirələr baş tutub.



Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 10:56
Top