"Qohum evliliklərindən vətəndaş da ziyan çəkir, dövlət də"

GÜNDƏM 22 iyun 2024, 15:45
Hər bir dövlət vətəndaşlarının sağlamlığına, həyat şəraitlərinin yaxşılaşmasına, rifah halının yüksəlməsinə cavabdehdir. Bu məqsədlərə nail olmaq üçün hökumətlər tərəfindən çeşidli dövlət proqramları, layihələr icra edilir, qanun və qərarlar qəbul edilir. Ailə institutunun qorunması da hökumətlər qarşısında duran mühüm məsələlərdən biridir. Milli-mənəvi dəyərlərə, ailə institutunun möhkəmliyinə, sağlam gənc nəslin yetişməsinə hər zaman xüsusi önəm verən Azərbaycan dövləti bu istiqamətdə məqsədyönlü addımlar atır. Məlumdur ki, ölkəmiz spesifik xüsusiyyətləri ilə seçilir. Ölkəmizdə yaxın qohumlar arasında evlilik tarixən mövcud olub. Hətta el arasında belə bir məsəl də var; əmiqızı ilə əmioğlunun kəbini “göydə” kəsilir. Azərbaycan insanını hər hansı elmi, tibbi əsası olmayan belə bir düşüncə tərzinə, inanca görə qınamaq da olmaz. Azərbaycan xalqı qohumcanlıdır, tarixən bu coğrafiyada böyük ailə birlikləri yanaşı, mehriban şəraitdə yaşayıb, tikəsini bölüşüb, xeyird, şərdə birgə olublar. Odur ki qohum evlilikləri də geniş yayılıb, hətta adət halını alıb. Lakin zaman sürətlə dəyişir, mövcud adət-ənənələr saf-çürük edildikdə bəzilərinin xeirdən çox ziyanlı olduğu üzə çıxır. Uzun illərdir aparılan tədqiqatlar, əldə olunan statistika qohum evlilikləri nəticəsində dünyaya gələn uşalarda irsi xəstəliklərə daha çox rast gəlinməsi məsələyə ciddi yanaşma tələb edir artıq. Azərbaycan dövləti körpələrin xəstə, qüsurlu  doğulmasına, gələcək nəslin qeyri-sağlam olma təhlükəsinə sakit yanaşa bilməz. Bunu həm dövlətin, həm də cəmiyyətin maraqları tələb edir. Məhz mümkün təhlükə nəzərə alınaraq qohum evliliklərinin qadağan edilməsi təklif olunur və bu məsələ Milli Məclisdə müzakirə çıxarılıb. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır və Məcəlləyə aşağıdakı hallar əlavə edilir: 

– qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
– bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. eyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 

– yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
– övladlığa götürənlər və övladlığa götürülənlər;
– ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
– bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
– ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.


Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib, layihənin II oxunuşu Milli Məclisin növbəti iclasında aparılacaq.  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, qanun layihəsi qəbul olunacağı təqdirdə 1 il sonra qüvvəyə minəcək. Hazırda nişanlı olan yaxın qohumların bu müddət ərzində evlilik, ailə həyatı və doğulacaq övladları barədə düşünməyə zamanları olacaq.  Komitə sədri qeyd edib ki, qohum evlilikləri risklidir və əsas məqsəd ailələrin möhkəm və uzunömürlü olmasını təmin etməkdir: "Uşaqlarımız sağlam olsunlar, genetik və irsi xəstəliklərlə doğulmasınlar. Ailədə belə bir uşağın doğulması həm uşağın özü üçün, həm valideynləri üçün çox çətinliklər yaradır. Bir çox hallarda kişi qadını və uşağı atır, boşanır. Ailələr arasında münaqişə yaranır, hər kəs qarşı tərəfi günahlandırır. Bəzən bu mübahisə və münaqişələr daha ağır fəsadlara gətirib çıxarır. Bu və digər səbəblərdən biz mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edirik. Qanun qanundur və burada güzəşt ola bilməz". Komitə sədri qeyd edib ki, qan qohumluğu olan şəxslərin tibbi müayinədən keçməsi zəruridir : "Həmin cütlüklər tibbi müayinədən keçiblərmi? Onlar hansı irsi və genetik xəstəliklərin daşıyıcıları olduğunu bilirlərmi? Əgər daşıyıcıdırlarsa, uşaqlarının da xəstə və daşıyıcı doğulacağını anlayırlarmı? Bu xəstəliklərin müalicəsi çox xərc tələb edir. Ailələrin maddi imkanları buna çatacaqmı? Bir ata və bir ana olaraq bu öhdəliyi öz üzərlərinə götürə biləcəklərmi? Buna psixoloji olaraq hazırdırlarmı? Baxın nə qədər suallar yarandı. Ona görə də insanlar bir daha düşünməli və qərar verməlidirlər".  Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qüsurlu insanların 40,5 faizi qohum nikahlarından dünyaya gələnlərdir. Onun sözlərinə görə, təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari tibbi müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq: "Hər il nikaha girmək istəyən yüzlərlə insanda təhlükəli xəstəliklər aşkar edilir. Onlar nikaha girsəydi, dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Doğrudan da, qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının statistikasıdır". Ə.Əmiraslanov qeyd edib ki, bu qanun layihəsi son dərəcə vacibdir: “Qanun qəbul edildikdən sonra insanlar arasında maarifləndirmə işlərinə böyük ehtiyac var. Biz parlamentin Səhiyyə komitəsi olaraq hər gün faciələrlə rastlaşırıq. Qohum nikahlarından doğulan uşaqlarda ən çox irsi xəstəliklərə, irsi qan xəstəliklərinə rast gəlinir. Bu, ailənin faciəsidir”. Komitə sədri erkən yaşda nikaha girən xanımların arasında reproduktiv orqanlarında bədxassəli şişlərin 7-8 dəfədən çox olmasına da diqqət çəkib. Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu məsələlərlə bağlı dinləmələri regionlarda keçirmək lazımdır: “Növbəti çağırışın deputatları bu cür dinləmələri regionlarda keçirməlidir. Hər bir region deputatlarla təmsil olunur. Cəmiyyəti maarifləndirmək lazımdır”. 

Tanınmış həkim Vaqif Qarayev Demokrat.az-a açıqlamasında qohum evliliklərinə qarşı olduğunu və bunu qadağan edəcək qanunun qəbulunu dəstəklədiyini söylədi. V.Qarayev qohum evliliklərinin yaratdığı fəsadlardan danışdı:

 


"Qohum evliliyini məhdudlaşdıran qanun layihəsi Milli Məclisdə 1-ci oxunuşda qəbul edilib. Çox yaxşı. Amma bu məsələdə əks-arqument olaraq bunu irəli sürənlər var ki belə evlilikdən sağlam uşaqlar da doğulur. Ya da qohum olmayan valideynlərdən də xəstə uşaqlar doğulur. Bütün hallarda qohumla evlənmək risklidir! Bunu bilsək yaxşıdır. Yenidoğulmuşların skrininqi - bu bir müayinə üsuludur və  uşaqlarda irsi-genetik xəstəliklərin vaxtında aşkar olunmasını təmin edir və müalicənin vacibliyini ortaya qoyur. Daban testi bizdə də aparılır. Mukovissedoz, hipotireoz, fenilketonuriya, qalaktozemiya, adrenogenital sindrom və bir sıra mübadilə pozğunluqlarının vaxtında aşkar edilməsi uşaqlarımızı gələcəkdə əqli və fiziki qüsurdan xilas edəcək. Skrininq müxtəlif ölkələrdə müxtəlif spektrdə aparılır. Müayinə miqyası geniş olduqda daha çox sayda ağır xəstəliklər aşkar olunacaq. Belçikada hormonal pozğunluqların iki növü, mübadilə pozğunluğu ilə gedən 31 xəstəlik müayinə olunur. Bundan başqa kombinə olunmuş anadangəlmə ağır immun çatışmazlıq və lizosom xəstəlikləri də skrininqə daxildir. Gürcüstanda, Türkiyədə skrininq dövlət hesabına və məcburi aparılır. Qohum evlilikdən kimisə xoşu gələ bilər, kimsə bunu arzulaya bilər. Amma uşaq  doğulduqdan sonra 2-3- cü sutkada mütləq daban testinin aparılması tələb edilməli  mütləq cavab alınmalıdır. Son vaxtlar uşaqlarda əqli gerilik çoxalıb. Adını autizm qoyub 3 yaşından sonra müxtəlif psixoloji mərkəzlərdə müalicə aparırlar. Əgər vaxtında skrininq eləsək, əqli geriliyin qarşısını ala biləcəyik". 

Psixoloq Fərqanə Mehmanqızı da qanunun qəbuluna tərəfdardır, lakin öncə maarifləndirmə aparılmasını məqsədəuyğun hesab edir: 


"Düşünürəm ki, öncə maarifləndirməyə üstünlük verilməlidir. Biz sivil cəmiyyətik. Sivil cəmiyyətlər anlamaq, qəbul etmək qabliyyətinə malikdirlər və qaydalara tabe olmağı, qanunlara riayət etməyi vətəndaşlıq vəzifəsi hesab edirlər. Valideynlər övladlarına lap kiçik yaşlarından ailə dəyərlərini başa salmalıdırlar. Bildirməlidirlər ki, xala uşaqları, dayı, əmi, bibi uşaqları – siz hamınız qardaş-bacısnız.  Uşaqları bu istiqamətdə maarifləndirmək lazımdır. Orta məktəbdə “İnsan və cəmiyyət” fənni, ailə dəyərləri geniş tədris olunmalı, yaxın qohumların ailənin üzvləri olduğu izah edilməlidir. Xəstəlik məsələsinə gəlincə, 15 ildir peşəkar psixoloq fəaliyyəti ilə məşğulam və uşaqların xəstə, qüsurlu doğulmasında qohumluq əlaqələrinin prioritet olduğunu görürəm. Xəstəliklər genetik bağlılıq, qohumluq əlaqələri olan cütlüklərin övladlarında özünü göstərir. Ola bilər, birinci nəsildə xəstəlik olmasın, amma ikinci nəsildə özünü göstərsin.  Sağlam görünən uşaqlar passiv daşıyıcı da ola bilər və hər hansı irsi xəstəlik növbəti nəslə ötürülə bilər. Burada kimin dominant olduğu da əsasdır. Yəni qanunu tətbiq etməzdən əvvəl fikirləşmək, təlqin etmək, anlatmaq vacibdir. Ümumiyyətlə, qadağalara gətirib çıxaracaq hallar aradan qalxmalıdır. Bu, həm maarifləndirmə yoluyla, həm də qanunvericiliyə lazımi dəyişikliklərlə həllini tapmalıdır".

Törə Zeynallı 
Demokrat.az                        

  Qeyd:Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top