“Azərbaycan orta güc ölkələr kateqoriyasına keçid etmək üçün COP29-dan istifadə edə bilər”

COP29 06 iyn 2024, 18:07
“İqlim dəyişikliyi ilə bağlı Azərbaycan bir sıra addımlar atmağa çalışır. COP29 bu tədbirlərin geniş vüsət almasında və uğurlu nəticə əldə edilməsində əhəmiyyətli təsirə malik olacaq”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

O qeyd edib ki, Azərbaycanda alternativ və bərpa olunan enerji ilə bağlı agentlik yaradılıb və ona müəyyən səlahiyyətlər verilib:


“Bundan başqa Qarabağın yenidən qurulmasında da alternativ enerjidən istifadəyə xüsusi əhəmiyyət verilir. Qarabağda salınan yeni kənd və şəhərlər yaşıl enerji ilə təmin olunacaq. Yeni külək və günəş elektrik stansiyaları istismara verilir. Laçın şəhərində kiçik dağ çaylarını əhatə edən kaskad istifadəyə verildi, buradan da elektrik enerjisi hasil olunacaq. Digər tərəfdən isə Azərbaycan imic olaraq Qarabağın yenidən qurulmasında tamamilə yaşıl enerjidən istifadə edəcəyini bildirir. Alternativ enerjidən istifadə üçün Abşeron yarımadası, Xəzər dənizi sahilləri və Kür-Araz ovalığı daha geniş potensiala malikdir. Buna görə də hökumət Pirallahı və Çilov adalarında çoxşaxəli layihəyə start vermək istəyir. Artıq Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə bununla bağlı razılıq əldə olunub”. 

Ekspert əlavə edib ki, sırf enerjinin özündən Azərbaycan fayda əldə etməyə çalışır:

“Yaşıl enerji siyasəti müasir çağırışlardan irəli gəlir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə aparan, müasir çağırışlara cavab verən bir ölkə kimi COP29-a ev sahibliyi etmək istəyir. Eyni zamanda Azərbaycan kiçik məhəlli gücdən orta gücə keçid etmək istəyir. İqlim dəyişikliyi, vaksinlərin ölkələr arasında ədalətli bölüşdürülməsi və islamofobiya ilə mübarizəyə dair edilən çağırışlar da bundan irəli gəlir. Məsələyə kompleks yanaşsaq, Azərbaycan COP29-dan da bu məqsədlə istifadə edə bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top