ABŞ-nin Polşada hərbi baza yaratmaq planı NATO-nun şərq cinahında təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Polşanın alyansın şərq sərhədində yerləşməsi fonunda ABŞ-nin hərbi mövcudluğunun genişləndirilməsi Rusiyanın reaksiyası və regionda hərbi-siyasi gərginliyin mümkün istiqamətləri ilə bağlı müzakirələri artırıb.
Bəs ABŞ-nin Polşada hərbi baza yaratması NATO-nun şərq cinahında təhlükəsizlik balansına necə təsir göstərə bilər? Bu addım Rusiya ilə Qərb arasındakı hərbi-siyasi gərginliyi daha da artıra bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, ABŞ-nin yeni siyasəti ilə bağlı danışarkən bunu “yeni siyasət” adlandırmağın nə dərəcədə doğru olduğu müzakirə mövzusudur.

Onun sözlərinə görə, “Donald Tramp siyasəti” ifadəsini işlətmək daha düzgün və yerinə düşən yanaşmadır:
“Burada müəyyən prioritetlərin dəyişdiyini görürük. İki böyük müharibə kampaniyası demək olar ki, bütün ölkələri öz prinsiplərinə, paradiqmalarına və hədəflərinə yenidən nəzər salmağa vadar edir.
Rusiya müharibə aparırsa, öz siyasətini buna uyğun formalaşdırır. Ukrayna da eyni addımı atır. ABŞ də öz növbəsində siyasətini dəyişən reallıqlara uyğunlaşdırır.
Bölgə siyasəti və qlobal arenada maraqları olan bütün ölkələr bunu nəzərdən keçirməlidir.
Hazırda ABŞ-nin Yaxın Şərqdə, yaxud Qərbi Asiyada mövqelərinin zəiflədiyini görürük. 2025-ci ilin iyununda ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat zamanı Vaşinqton İranın kifayət qədər zəif olduğunu, qəfil hücum nəticəsində ölkənin ali rəhbərliyindəki dini, hərbi və siyasi liderləri sıradan çıxarmaqla hakimiyyət dəyişikliyinə nail ola biləcəyini və İranın parçalanacağını düşünürdü. Lakin bu yanaşmanın doğru olmadığı ortaya çıxdı.
İran cəmiyyətində hakimiyyətə qarşı gözlənilən reaksiyanın baş verməməsi də bunu göstərdi. Əksinə, ölkədə hakimiyyət ətrafında müəyyən həmrəylik yarandı və ABŞ-nin siyasətinə qarşı ciddi narazılıq ifadə edildi. Bu proses ABŞ üçün ciddi itkilərlə nəticələndi. İran tərəfi dəfələrlə xəbərdarlıq etmişdi ki, ölkəyə yeni hücum baş verəcəyi təqdirdə münaqişə daha geniş regional müharibəyə çevrilə bilər.
Hazırda ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının vəziyyəti də Vaşinqton üçün əlavə problem yaradır. Bəhreyndə yerləşən ABŞ-nin 5-ci donanmasının qərargahı, Küveytdəki quru qoşunlarının infrastrukturu və Qətərdə yerləşən Əl-Udeyd bazası ilə bağlı ciddi zərər iddiaları səsləndirilir.
ABŞ-nin hərbi texnikasının bir hissəsinin İsrail və İordaniyaya köçürülməsi də bu kontekstdə qiymətləndirilə bilər. ABŞ hazırda Körfəz regionundakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirir. Eyni zamanda, Yaxın Şərqdə baş verən proseslər Vaşinqtonu yeni hərbi imkanlar və mövqelər axtarmağa vadar edir”.
Politoloq əlavə edib ki, digər tərəfdən, ABŞ-nin NATO çərçivəsindəki siyasətində də müəyyən dəyişikliklər müşahidə olunur:
“Vaşinqtonun Cənubi Koreya, Yaponiya, Avstraliya, Filippin və Vyetnam kimi ölkələrlə münasibətlərini gücləndirməsi diqqət çəkir. Bu siyasətin əsas istiqamətlərindən biri Çinin artan regional və qlobal təsirinə qarşı balans formalaşdırmaqdır.
Bu baxımdan, ABŞ-nin hərbi imkanlarının bir hissəsini Polşaya yerləşdirmək planının da ayrıca əhəmiyyəti var. Lakin belə bir addım Rusiya ilə münasibətlərdə əlavə gərginlik yarada bilər. Polşanın Rusiyanın Kalininqrad vilayəti ilə yaxınlığı və NATO-nun şərq cinahında yerləşməsi bu məsələnin həssaslığını artırır.
Əgər Polşada yerləşdiriləcək hərbi bazalarda strateji raketlər və ya nüvə başlıqları da yerləşdirilərsə, bu, daha ciddi təhlükəsizlik probleminə çevrilə bilər. Çünki belə silahların Rusiyanın müəyyən ərazilərinə uçuş müddəti əhəmiyyətli dərəcədə qısala bilər. Buna görə də Moskvanın buna sərt reaksiya verməsi ehtimalı yüksəkdir.
Bəzi siyasi texnoloqlar və politoloqlar ABŞ və Rusiya prezidentlərinin Alyaskanın Ankoric şəhərində keçirilən görüşündən sonra müəyyən “Ankoric ruhu”nun yarandığını bildirirlər. Lakin mən hesab edirəm ki, bu görüşdən ciddi nəticələr əldə olunmayıb. Tərəflər əsasən bir-birinin mövqeyini və niyyətlərini anlamağa çalışıblar.
ABŞ və Rusiya arasında strateji rəqabət davam edir. Bu baxımdan, Polşada yeni hərbi baza və ya hərbi texnikanın yerləşdirilməsi Moskva tərəfindən ciddi təhlükəsizlik məsələsi kimi qiymətləndirilə bilər.
Əgər Polşada strateji raketlər və ya nüvə başlıqlı silahlar yerləşdirilərsə, bunun böyük siyasi rezonans doğuracağı şübhəsizdir.
Rusiya buna cavab vermək üçün həm hərbi, həm də siyasi imkanlara malikdir. Moskva Qərbin qarşısında geri addım atmağı strateji baxımdan mənfi nəticə kimi qiymətləndirə bilər.
Ona görə də ABŞ-nin Polşadakı hərbi mövcudluğunu genişləndirməsi halında Rusiyanın sərt reaksiya verməsi gözlənilir”.
Nuray Paşşanlı

