"Azərbaycan antiterror əməliyyatı ilə suverenliyini tam şəkildə bərpa etdi" — Şərh

HƏRBİ 19 sentyabr 2026, 18:35

“Antiterror əməliyyatı Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsindən sonra baş verdi. 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanat imzalandı və bu bəyanata əsasən, sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ ərazisinə yerləşdirildi. Əlbəttə ki, orada Rusiyanın sülhməramlıları razılaşmaya əsasən Laçın dəhlizinə nəzarət etməli idilər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.



Onun sözlərinə görə, sülhməramlı qüvvələr öz öhdəliklərini pozurdular:

“Ermənilər rusların köməyi ilə silah daşıyırdılar və bilirsiniz ki, razılaşmaya əsasən, ruslar bütün silahlı birləşmələrin Qarabağ ərazisini tərk etməsi ilə bağlı öhdəlik götürmüşdülər.

Amma gördüyümüz kimi, onlar ərazini tərk etmədilər. Əksinə, Qarabağdakı separatçıların silahlanması gələcəkdə Azərbaycan üçün problem yarada bilərdi və bir növ ruslar da silah təminatı ilə yardım edirdilər.

12 mindən yuxarı silahlı qüvvə var idi və həmin qüvvələri oradan çıxarmaq, həm də onların tam şəkildə silahlanmasının qarşısını almaq üçün Azərbaycanın antiterror əməliyyatı keçirməsi vacib amillərdən biri idi.

Çünki sülhməramlı qüvvələr, demək olar ki, razılaşmanı tam şəkildə pozmuşdular və Laçın dəhlizi, eləcə də alternativ yollar vasitəsilə Ermənistan sərhədindən silahların daşınmasına imkan yaradırdılar.

Bu məsələ Azərbaycanın Xüsusi Xidmət Orqanları, Müdafiə Nazirliyinin müəyyən qurumları və digər aidiyyəti qurumları tərəfindən nəzarətdə saxlanılırdı. 

Baxmayaraq ki, bir neçə dəfə dövlət başçısı öz mesajını vermişdi, ruslar, bundan əlavə, sülhməramlı qüvvələr kimi Xocalıda öz dahi insanlarına abidələr qoyurdular.

Bu da qəbulolunmaz idi. Yəni onlar sülhməramlı missiyanın vəzifələrini yerinə yetirmək əvəzinə, Azərbaycanı qıcıqlandıran belə addımlar atırdılar.

Və Azərbaycan antiterror, yəni tərksilah əməliyyatı keçirdi. Erməni separatçıları tərksilah olunmamışdılar və Azərbaycan dövlət olaraq antiterror əməliyyatı keçirməyə məcbur oldu. 
Antiterror əməliyyatı 23 saat ərzində keçirildi və Azərbaycan öz gücü ilə həmin separatçıları tərksilah etdi və onları ərazimizdən çıxardı.

Antiterror əməliyyatı keçirildikdən sonra ermənilər, o cümlədən erməni mənşəli şəxslər Azərbaycan ərazisini tam şəkildə tərk etdilər. 

Baxmayaraq ki, Azərbaycan siyasi hakimiyyəti, Azərbaycan dövləti olaraq, separatizmdə əli olmayan şəxslərin sərbəst yaşamaları üçün şərait yaratmışdı. Lakin onlar ölkə ərazisini tərk etmək qərarını verdilər".

Ekspertin sözlərinə görə, 2023-cü il sentyabrın 28-də Qarabağdakı separatçı rejimin qondarma “prezidenti” Samvel Şahramanyanın imzaladığı “fərman” həmin qurumun faktiki olaraq özünü buraxmasının hüquqi-siyasi rəsmiləşdirilməsi cəhdi idi. O qeyd edib ki, sənədlə 2024-cü il yanvarın 1-dək separatçı rejimin tabeliyində olan bütün “dövlət qurumları” və təşkilatlarının ləğvi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın fəaliyyətinin dayandırılması nəzərdə tutulurdu. Ekspert hesab edir ki, burada əsas məqam separatçı idarəetmə modelinin artıq əvvəlki formada davam etdirilməsinin mümkünsüzlüyünün etiraf edilməsi idi. Sənəddə Qarabağ sakinlərinin Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olması və gələcəkləri ilə bağlı fərdi qərar qəbul etmələrinin qeyd edilməsi də diqqət çəkirdi. Bu məqam göstərirdi ki, separatçı qurumun uzun illər ərzində formalaşdırdığı idarəçilik sistemi artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində yeni reallıqla üz-üzə qalmışdı. Başqa sözlə, 2023-cü ilin sentyabrında baş verən proses yalnız separatçı strukturların buraxılması deyil, həm də Qarabağda paralel və qanunsuz idarəetmə mexanizminin siyasi səhnədən çəkilməsi baxımından mühüm mərhələ idi.

"Hazırda həmin separatçıların liderləri Azərbaycanda məhkəmə qarşısına çıxarılıblar. Azərbaycana hədə-qorxu gələn həmin separatçılar hazırda Bakıdakı həbsxanalardadırlar.

Və Azərbaycan antiterror əməliyyatı ilə suverenliyini tam şəkildə bərpa etdi. Bilirsiniz ki, son 100 ildə Azərbaycanın ərazisinin müəyyən hissəsi zəbt edilmişdi və nəticədə biz suverenliyimizi tam şəkildə bərpa etdik.

20 sentyabr antiterror əməliyyatı Azərbaycan üçün, həm dövlətimiz, həm də xalqımız üçün vacib amillərdən biri idi və biz həmin missiyanı uğurla yerinə yetirdik.

Yəni bu o deməkdir ki, Azərbaycan və Azərbaycan Silahlı Qüvvələri öz ərazi bütövlüyünü qorumağa qadirdir. İndi və gələcəkdə qonşularımız tərəfindən belə təxribatçı addımlar olarsa, Azərbaycan tərəfi onlara layiqli cavab verməyə tam şəkildə hazırdır”, - deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 19:30
19 sentyabr 2026, 17:48
Top