Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək — Açıqlama

SOSİAL MEDİA 17 sentyabr 2026, 14:00
Bəzi geyim reklamlarında cəmiyyətin mənəvi dəyərlərinə uyğun olmayan görüntülərdən istifadə edilməsi əxlaqsızlığın təbliği ilə bağlı müzakirələrə səbəb olur. Xüsusilə internetdə və sosial şəbəkələrdə geniş yayılan reklam materiallarında istifadə olunan görüntülərin hansı hallarda qanunvericiliyin tələblərinə zidd hesab edildiyi diqqət çəkir.

Belə reklamlarla bağlı qanunvericilikdə hansı məhdudiyyətlər var və bu cür hallarda məsuliyyət kimə düşür?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Mircavid Miriyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinə son dəyişikliyə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Vəkilin sözlərinə görə, işin hallarına və pozuntunu törədənin şəxsiyyətinə nəzər yetirilməklə, cərimənin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs də tətbiq oluna bilər:

Qanunvericilikdə bu cür əməllərin təkrar törədilməsinə görə də ayrıca məsuliyyət nəzərdə tutulub. 

Belə ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin əməllərin təkrar törədilməsinə görə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Təkrar pozuntu hallarında da işin hallarından asılı olaraq bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.

“İXM-in 510.2-ci maddəsinin hüquqi mahiyyətindən irəli gələrək bu cərimələr təkcə cəmiyyətə hörmətsizlik sayılan jest, hərəkət və görüntüləri edən şəxslərə deyil, eyni zamanda bu paylaşımları reklam üçün istifadə edən və ya başqa formada ictimailəşdirən, kütləvi nümayiş etdirən şəxslərə də şamil edilir.

Bu baxımdan, reklam materiallarında istifadə olunan görüntülərin qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

Çünki internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində yayımlanan materialların kütləvi nümayiş etdirilməsi də qanunvericilikdə müəyyən edilmiş məsuliyyət çərçivəsinə daxil ola bilər”, - deyə vəkil bildirib.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 13:09
Top