Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir — İrəvanın ikibaşlı siyasəti nə ilə nəticələnə bilər?

TƏHLİL 19 sentyabr 2026, 15:13
Paşinyan Qarabağdan qaçan separatçıların İrəvandakı bütün qanunsuz strukturlarını ləğv edəcəyinə söz verib.

Xatırladırıq ki, sentyabrın 16-da Ermənistan parlamentində keçirilən sual-cavab sessiyası zamanı müxalifətçi deputat Areqa Hovsepyan Paşinyana qondarma “Dağlıq Qarabağ”ın separatçı qurumlarının İrəvandakı fəaliyyəti, Qarabağı könüllü surətdə tərk etmiş ermənilərin mənzil problemləri və onların gələcəyi barədə suallar ünvanlamışdı.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə əvvəlcə Dağlıq Qarabağ dövlət qurumlarının Ermənistan Respublikası ərazisində fəaliyyətini davam etdirməsinin qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirmişdi.

“Siz elə bilirsiniz ki, Ermənistanın başqa yerlərində mənzilsiz insanlar yoxdur? Niyə hansısa “nümayəndəliyə” gedirlər? Qoy sizin evinizə gəlsinlər. Bu, o deməkdirmi ki, kirayə haqqını ödəməkdə çətinlik çəkən hər kəs istədiyi yerdə məskunlaşa bilər? Sizin məntiqiniz budurmu? Əgər onlar sizin evinizə gəlsələr, şikayətlənməyin”, - deyə Paşinyan müxalif deputatın sualına cavab olaraq vurğulamışdı.

Qeyd edək ki, bu sözlərinə görə, Ermənistanda Paşinyana qarşı yeni kampaniya başlayıb. “Azərbaycan agenti”, “Türklərə işləyən satqın” və s. bildiyimiz və hələ eşitmədiyimiz ifadələr… Qarabağ separatçılarının İrəvandakı strukturlarının bağlanmasını “böyük fəlakət” kimi qiymətləndirənlər arasında kifayət qədər tanınmış şəxslər, ictimaiyyətin tanıdığı və fikirlərini dinlədiyi adamlar da var.

Sual doğur: doğrudanmı bu şəxslər Ermənistanın 2020-ci və 2023-cü illərdə düşdüyü kritik vəziyyəti, az qala bir dövlət olaraq iflasın astanasında olduğu günləri xatırlamırlar? Paşinyanın çarəsiz, Qarabağdakı biabırçı məğlubiyyətinin ardından, orada Azərbaycan ordusunun mühasirəsində qalan 20 minlik ordusunun aqibətini düşündükcə cəhənnəmi yaşadığı, dünya liderlərini bir-bir telefonla arayaraq onlardan çarəsizcə yardım diləməsi bu şəxslərin yadından nə tez çıxdı? Yoxsa bu şəxslər - siyasətçilər, ictimai fəallar, qələm adamları, biznesmenlər və s., onlar doğrudan da Birinci Dünya Müharibəsinin bölgəmizdə yaratdığı onlar üçün münbit şəraitdə meydana çıxmış erməni dövlətini tarixin səhifəsindən birdəfəlik silmək istəyirlər? Məgər onlar Azərbaycanın səbrinin sınağa çəkilməsinin, hissləri ilə oynanmasının hansı nəticələrə gətirib çıxardığını unudublar?

Əgər belədirsə, o zaman bundan sonrakı proseslərin bütün məsuliyyəti tam olaraq erməni tərəfinin üzərinə düşür.

Qondarma separatçı rejimin İrəvanda kök salmış qurumları haqqında danışan baş nazir Paşinyan öz çıxışında vurğulamışdı ki, Ermənistan daxilində iki dövlət və ya hökumət ola bilməz.

“Sizin qeyd etdiyiniz struktur mövcud ola bilməz. O, Ermənistan Respublikasının idarəçiliyi altına keçməlidir. Baş nazir kimi, dövlət daxilində ikinci bir dövlətin, yaxud hökumət və ya parlamentin mövcudluğuna son qoymaq üçün ən sərt tədbirləri görəcəyəm”, - deyə Paşinyan müxalif deputatın təxribatçı sualını açıq şəkildə cavablandırmışdı.

Buradan belə nəticə çıxarmaq lazımdır ki, Ermənistanın Azərbaycanın səbrini sınağa çəkməsi onun üçün gələcəkdə bu regionda mövcudluq problemi yarada bilər. Növbəti təxribatlar və ya İrəvandakı revanşist qüvvələrin baş qaldırma ehtimalının yüksəlməsi isə Bakını növbəti dəfə sərt tədbirlər görməyə vadar edəcək. Bu dəfə isə Ermənistanın köməyinə, hətta siyasi cəhətdən, heç bir dövlət gəlməyəcək.

Çünki regionumuzun kilid ölkəsinə çevrilən Azərbaycanın uğurlu və zərgər dəqiqliyi ilə qurulan xarici siyasət strategiyası bütün qlobal oyunçuları Bakının iri iqtisadi və logistika layihələrində birləşdirib. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artıq ona qlobal məsələlərin həllində müstəqil tərəf kimi iştirak etmək imkanları verir. Ermənistan isə öz cılız siyasəti ilə bütün bunların fonunda heç gözə belə görünmür. Böyük oyunlarda yox dərəcəsindədir. Ona görə də İrəvandakı bəzi qüvvələr xaricdəki bəlli mərkəzlərin sifarişini yerinə yetirərkən iki dəfə düşünməlidirlər: belə ikiüzlü siyasət ermənilərə nə verəcək, və ya onlar nə itirəcəklər? Cavab isə indidən aydındır: heç nə qazanmayacaqlar və dövlətçiliklərini birdəfəlik itirəcəklər!

Sabah, 20 sentyabr, Azərbaycanın dövlət suverenliyi günüdür. Məhz 2023-cü ildə Azərbaycan ordusu 24 saatlıq antiterror əməliyyatı ilə Dağlıq Qarabağdakı erməni separatçılarını və terrorçularını məhv edərək Xankəndi, Əskəran, Ağdərə və Xocavənd rayonlarını onlardan təmizlədi. Beləliklə, 30 ildən sonra bu rayonların mərkəzində Azərbaycan bayrağı qaldırıldı və Respublikanın bütün ərazisində Azərbaycanın müstəqilliyi və suverenliyi bərpa edildi!

Alparslan

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top