20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

GÜNDƏM 19 sentyabr 2026, 14:48
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı  Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilir.

2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

Xankəndidə bərpa-quruculuq işləri ilə yanaşı, sosial və iqtisadi layihələr də həyata keçirilir. Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də imzaladığı Sərəncamla Xankəndi şəhərində Qarabağ Universiteti yaradılıb. 2023-cü il dekabrın 21-də isə Xankəndi stadionunda 30 illik fasilədən sonra ilk rəsmi futbol oyunu keçirilib.

2025-2026-cı illərdə Xankəndidə Zəfər parkı, Mədəniyyət Mərkəzi, müxtəlif istehsal müəssisələri, hotellər və digər obyektlər istifadəyə verilib. Qarabağ Universitetinin yeni tədris binaları və klinikası da fəaliyyətə başlayıb.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi də davam edir. 2026-cı il avqustun 17-nə olan məlumata görə, Xankəndidə 119 ailə – 506 nəfər, Xocalıda 1 167 ailə – 4 841 nəfər, Xocavənddə 988 ailə-4070 nəfər, Ağdərədə isə 917 ailə-3587 nəfər məskunlaşıb.

Xocalıda 2023-cü il oktyabrın 15-də Dövlət Bayrağı ucaldılıb. Şəhərdə və rayonun yaşayış məntəqələrində bərpa işləri aparılıb, sosial və istehsal infrastrukturu yaradılıb. 2026-cı il fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılışı olub, mayın 28-də isə “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib.

Xocavənddə də bərpa və quruculuq layihələri həyata keçirilir. Hadrut qəsəbəsində yaşayış və inzibati infrastrukturun yaradılması, yolların və digər obyektlərin tikintisi istiqamətində işlər görülüb. 2023-cü il oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Dövlət Bayrağı ucaldılıb.

Ağdərədə yol, enerji və yaşayış infrastrukturu üzrə layihələr icra olunur. 2025-ci ildə Suqovuşan kəndində yaşayış kompleksi və məscid istifadəyə verilib. 2026-cı il yanvarın 13-də “Qozlukörpü” Su Elektrik Stansiyası açılıb, Ağdərə şəhərinin Baş Planı təqdim edilib və Xüsusi Əməliyyat Mərkəzinin təməli qoyulub.

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü hər il bu şəhərlərin tarixində baş vermiş mühüm hadisələrin və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq tədbirlərinin diqqətə çatdırılması məqsədilə qeyd olunur.

Məhərrəm İbadov
Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top