Lənkəranda qardaş bacısını yumruqla vurdu

KRİMİNAL 10 may 2023, 13:19
Lənkəran şəhərində 1977-ci il təvəllüdlü Səxavət şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı bacısı Gülnarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 2-də baş verib. 

Səxavət yaşadıqları evin həyətdə ailə üzvlərinə maddi dəstək olmaması və evdə səs-küy yaratması üstündə bacısı Gülnarə ilə mübahisə edib. 

Mübahisə zamanı Səxavət Gülnarənin sifət nahiyyəsinə qəsdən iki yumruq zərbəsi vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Səxavətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səxavət elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, avtomobil rəngsazı işləyir: “Bir neçə il olar ki, ailə üzvlərim ilə birlikdə bir evdə yaşasam da, qazandığım pulları ancaq özümə xərcələyirəm, ailə üzvlərimə xərcləmirəm. Buna görə dəfələrlə bacım ilə aramızda mübahisə oldu. Sonuncu dəfə fevralın 2-də, saat 21 radələrində müştəridən götürdüyüm “VAZ-2106” markalı avtomobili yaşadığım evin həyətində rəngdən öncə sürtərkən bacım öz əri ilə birlikdə yaşadığım evin həyətinə düşdü. Mənə yaxınlaşaraq işləyib, evə pul verməmək üstündə yenidən mübahisə etməyə başladı. Bacım məndən işimi dayandırmağını tələb etdi. Mən işimi dayandırmadığım üçün bacım ünvanıma söyüş söydü. Bunu eşidib əsəbləşdim. Bacıma yaxınlaşaraq sifətinin sol tərəfinə iki yumruq zərbəsi vurdum. Zərbə vurduqdan sonra bacım Daxili İşlər Nazirliyinin 102-xidmətinə zəng etdi və məndən şikayət etdi”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Gülnarənin sözlərinə görə, qardaşı Səxavətlə bir evdə yaşasalar da, Səxavət son vaxtlar yaşadığı ev üçün hər hansı bazarlıq etmir: 

“Ailəni dolandırmaq üçün pul vermədiyinə görə aramızda mütəmadi mübahisələr düşdü. Sonuncu dəfə fevralın 2-də, axşam saat 21 radələrində qardaşım yaşadığımız evin həyətinə bir avtomobil gətirdi və həmin avtomobili rəngdən öncə sürtməyə başladı. Sonra avtomobilə minərək qaz verdi, səs etdiyi üçün və yaşadığımız evdə xəstə olan anam narahat olduğundan ərimlə yaşadığım evin həyətinə düşdük. Qardaşımdan avtomobilə qaz verib səs etməməyini dedim. Qardaşım isə bildirdi ki, əcəb edirəm. Bu zaman əsəbləşdim və qardaşıma “evə hər hansı köməkliyin dəymir, heç olmasa xəstə anamızı narahat etmə” sözlərini dedim. Qardaşım əsəbləşərək məni söydüyü üçün ona cavab söyüşü qaytardım. Bu zaman Səxavət sifətimə iki yumruq zərbəsi vurdu”.

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Səxavətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top