“Yuxudan ayılanda hər yer qan içində idi” — Tanışların içki məclisindən sonra dəhşətli qətl

KRİMİNAL 30 may 2020, 11:50

Bakıda tanışını öldürməkdə təqsirli bilinən Qax rayon sakini, 1980-cı il təvəllüdlü Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəcəb Məmmədov 24 iyun 2017-ci il tarixdə, saat 19.00-da tanışları – Fərhad Mehdiyev, Mıts Kristina Aleksandrovna, Vdovin Mixail Vladimiroviç və Karuxin Aleksandr İvanoviçlə birlikdə tibbi spirti suya qatıb və spirtli içki düzəldiblər.


Onlar düzəltdikləri spirtli içkini əvvəlcə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 20 nömrəli binanın qarşısında yerləşən besedkada, daha sonra isə həmin binanın 24 nömrəli mənzilində içki məclisi təşkil edərək qəbul ediblər.


Həmin gün saat 21.00-da içki məclisinin bitməsinə görə Kristina Mıts, Mixail Vdovin və Aleksandr Karuxinin oradan çıxaraq evlərinə gediblər. Fərhad Mehdiyev isə evin qonaq otağındakı stulda yatıb.


Rəcəb Məmmədov sərxoş vəziyyətdə olan Fərhad Mehdiyevi təxminən saat 23.00-da yuxudan oyadaraq onun da evinə getməsini tələb edib. Fərhad Mehdiyev ondan borc pul istəyib, pulu olmadığı təqdirdə telefonunu sataraq ona lazım olan pulu verməsini bildirib.


Daha sonra Fərhad Mehdiyev Rəcəb Məmmədovun ünvanına nalayiq ifadələr işlədib. Bunları bəhanə edən Rəcəb Məmmədov onu öldürmək qərarına gəlib.


Bu niyyətini həyata keçirmək üçün Fərhad Mehdiyevin bərk sərxoş vəziyyətində olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olması və ona müqavimət göstərmək imkanından məhrum olmasından istifadə edib əvvəlcə yumruqla onun sifət nahiyəsinə bir neçə zərbə vurub.


Daha sonra Rəcəb Məmmədov stolun üzərində olan mətbəx bıçağını götürüb və həmin bıçaqla Fərhad Mehdiyevin boğaz, sinə və bədənin digər nahiyələrinə zərbələr vurub. Fərhad Mehdiyev aldığı zərbələrdən hadisə yerində ölüb.


İstintaq orqanı tərəfindən Rəcəb Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan olunub.


İttihama münasibət bildirən Rəcəb Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, hadisədən əvvəl içkili olub:


“Kristina, Mixayıl və Fərhadla bir yerdə kafeyə getdik. Onlar içdi, amma mən içmədim. Çünki gündüz içki içmişdim. Sonra evə gəldik. Gecə rəhmətlik Fərhad məndən pul istədi. Mən də ona pul vermədim. Bu səbəbdən aramızda mübahisə yarandı. Səsimizə qonşular gəldi. Bir qədər keçəndən sonra sakitləşdik, mən yerimə uzanmışdım. Gözümü açanda hər yer qan içində idi. Polisə zəng edib, evimdə meyit olduğunu söylədim. Amma kim tərəfindən öldürüldüyünü bilmədim. Polislər gəldi, heç onun meyitinə də əl vurmamışdım”.


Prokurorun suallarını cavablandıran Rəcəb Məmmədov Fərhad Mehdiyevi öldürmədiyini deyib.


Hakim bildirib ki, Rəcəb Məmmədov istintaqa verdiyi ifadəsində hadisəni törətdiyini deyib.


Rəcəb Məmmədov isə bildirib ki, həmin zaman yaddaşı yerində olmayıb və buna görə də cinayəti törətdiyini etiraf edib: “Mən onu yumruqla da vurmamışam. Fərhad məndən pul istəyəndə onu əlimlə itələmişəm. Fərhadı bıçaqla vurmağım yadımda da deyil. Axı onu mən öldürməmişəm”.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəcəb Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.


Hökkmdən narazı qalan Rəcəb Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.


Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rəcəb Məmmədovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.


Amma birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Rəcəb Məmmədovun barəsində təyin olunan cəza 14 ilə endirilib.


Bu qərardan narazı qalan Rəcəb Məmmədov kasasiya şikayəti verib. O, kasasiya şikayətində də bəraət istəyib.


Rəcəb Məmmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılmağa başlanıb.


Araşdırma aparılan zaman Penitensiar Xidmətinin 01 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Rəcəb Məmmədov hakimə ərizə göndərib. O, şikayətini geri götürdüyünü qeyd edib.


Hakim Rəcəb Məmmədovun istəyini nəzərə alıb və onun kasasiya şikayətinə baxılmayıb. Rəcəb Məmmədovun kasasiya şikayəti baxışdan çıxarılıb və geri qaytarılıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top