2027-ci ilin yaxınlaşması ilə manatın məzənnəsinin necə dəyişəcəyi və mümkün devalvasiya riski yenidən gündəmə gəlir. İqtisadi qeyri-müəyyənlik, neft qiymətlərinin dəyişməsi və ölkənin valyuta gəlirləri fonunda milli valyutanın gələn il hansı vəziyyətdə olacağı maraq doğurur.
Bəs gələn il manatı nə gözləyir? Devalvasiya riski nə qədərdir?
İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycan hazırda manatın devalvasiyası riskinin ən aşağı olduğu dövrlərdən birini yaşayır.

Onun sözlərinə görə, bunun üçün kifayət qədər ciddi iqtisadi əsaslar mövcuddur:
"İlk növbədə, ölkənin qızıl-valyuta ehtiyatlarında kəskin artım müşahidə olunur. Həm Mərkəzi Bankın, həm də Dövlət Neft Fondunun ehtiyatları artır. Bu isə ölkənin maliyyə dayanıqlığının güclənməsi və milli valyutanın məzənnəsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, dünya bazarında neftin qiyməti də gözləntilərdən xeyli yüksəkdir. Hətta mövcud qiymətlər proqnozlaşdırılan səviyyədən, demək olar ki, iki dəfə artıqdır. Bu amil ölkəyə daxil olan valyutanın həcminin artmasına şərait yaradır. Valyuta daxilolmalarının yüksək olması ilə yanaşı, tədiyə balansında da müsbət saldo formalaşıb və bu göstərici 9 milyard dollara yaxınlaşır. Bütün bu iqtisadi parametrləri nəzərə aldıqda, son illərlə müqayisədə manatın məzənnəsi ilə bağlı risklərin hazırda daha aşağı səviyyədə olduğunu görürük. Həm valyuta ehtiyatlarının artması, həm neft gəlirlərinin yüksək olması, həm də tədiyə balansındakı müsbət saldo milli valyutanın mövcud məzənnəsinin qorunması üçün əlverişli şərait yaradır. Bu baxımdan, hazırkı iqtisadi vəziyyətdə manatın devalvasiyası ilə bağlı ciddi gözlənti yoxdur. Hətta demək olar ki, devalvasiya ehtimalı sıfıra yaxındır. Yəni mövcud göstəricilər Azərbaycanın son illərdə manatın məzənnəsi baxımından ən aşağı riskli dövrlərindən birini yaşadığını deməyə əsas verir".


