Cəmiyyət

Müəllimin təzyiqi tələbədə hansı izlər buraxa bilər?

Müəllimin təzyiqi tələbədə hansı izlər buraxa bilər?

Son illərdə ali təhsil müəssisələrində tələbələrin müəllimlər tərəfindən təzyiq, hədə-qorxu və şantaj xarakterli davranışlarla üzləşməsi ilə bağlı iddialar gündəmə gəlir. Belə halların qarşısının alınması və tələbələrin hüquqlarının qorunması üçün həm universitetlərin, həm də aidiyyəti qurumların üzərinə mühüm vəzifələr düşür.

Belə halların tələbələrdə hansı psixoloji təsirlərə səbəb ola biləcəyi və bu vəziyyətlə üzləşən tələbələr özlərini necə qoruya bilərlər?

Demokrat.az-a bu barədə açıqlama verən psixoloq Zümrüd Əsədova bildirib ki, belə vəziyyət tələbə üçün kifayət qədər ağır ola bilər:

Müəllimin təzyiqi tələbədə hansı izlər buraxa bilər?

"Çünki burada söhbət sadəcə xoşagəlməz ünsiyyətdən getmir. Müəllim tələbənin qiymətinə, təhsilinə və gələcəyinə təsir edə bilən bir mövqedədir. Bu səbəbdən tələbə özünü çıxış yolu olmayan vəziyyətdə hiss edə bilər. Belə hallarda ilk olaraq qorxu yaranır. Tələbə "Etiraz etsəm, qiymətimə təsir edər?", "Mənim haqqımda nə düşünərlər?", "Bunu desəm, mənə inanacaqlarmı?" kimi suallar verərək susmağa üstünlük verə bilər. Bu vəziyyət uzun müddət davam etdikdə isə stress, yuxu problemləri, dərsə həvəsin azalması, özünəinamın aşağı düşməsi və daim gərginlik hissi yarana bilər. Bəzən tələbə yaşadığı vəziyyətə görə özünü də günahlandırmağa başlayır. "Bəlkə mən düzgün başa düşməmişəm?", "Bəlkə həddindən artıq reaksiya verirəm?" kimi düşüncələr vəziyyətdən çıxmağı daha da çətinləşdirə bilər".

Psixoloq qeyd edib ki, belə vəziyyətdə ilk addımlardan biri yaşananları normallaşdırmamaqdır:

"Müəllimin tələbə üzərində akademik səlahiyyətinin olması ona təhqir etmək, qorxutmaq, təzyiq göstərmək və ya şəxsi sərhədləri pozmaq haqqı vermir. Mümkündürsə, baş verənləri yazılı şəkildə saxlamaq, mesajları və digər sübutları qorumaq, hadisənin tarixini və necə baş verdiyini qeyd etmək vacibdir. Tələbə bu vəziyyətdə tək qalmamalıdır. Etibar etdiyi müəllimə, universitet rəhbərliyinə və ya məsul şəxsə müraciət edə bilər. Vəziyyətdən asılı olaraq hüquqi və psixoloji dəstəyə ehtiyac da yarana bilər. Tələbə özünə bir şeyi xatırlatmalıdır: öz haqqını tələb etmək hörmətsizlik deyil. Belə hallarda insan qarşı tərəfin mövqeyindən qorxaraq öz sərhədlərini qorumağa haqqı olmadığını düşünə bilər. Əslində isə müəllimin münasibəti, verdiyi qiymət və ya yaratdığı təzyiq tələbənin kim olduğunu müəyyən etmir. Müəllimin münasibəti tələbənin özünə verdiyi qiymətə çevrilməməlidir".

Məsələ ilə bağlı saytımıza açıqlama verən psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, ali təhsil müəssisələrində tələbələrin təzyiq, hədə-qorxu və şantaj xarakterli davranışlarla üzləşməsi barədə iddialar ciddi və qərəzsiz araşdırılmalıdır:

Müəllimin təzyiqi tələbədə hansı izlər buraxa bilər?

"Universitet tələbənin özünü təhlükəsiz hiss etdiyi, fikrini sərbəst bildirdiyi və hüquqlarını müdafiə etməkdən çəkinmədiyi bir mühit olmalıdır. Müəllim tələbənin biliyini qiymətləndirdiyi üçün bu münasibətdə müəyyən səlahiyyət üstünlüyünə malikdir. Həmin səlahiyyətdən qorxutmaq və şəxsi tələbləri qəbul etdirmək üçün istifadə olunması tələbədə çıxışsızlıq hissi yarada bilər. "Etiraz etsəm, imtahandan kəsilərəm", "şikayət etsəm, təhsilimi davam etdirmək çətinləşər" kimi düşüncələr onun kömək istəməsinə maneə olur. Buna görə tələbənin susmasını razılıq kimi qəbul etmək olmaz. Akademik tələbkarlıqla psixoloji təzyiqin sərhədi aydın olmalıdır. Müəllimin dərsə hazırlıq tələb etməsi və əsaslandırılmış irad bildirməsi tədrisin bir hissəsidir. Tələbəni alçaltmaq, təhqir etmək, qiymətlə hədələmək və şəxsi həyatına müdaxilə etmək isə sağlam pedaqoji münasibətə uyğun deyil. Tələbkarlıq tələbənin inkişafına xidmət etməli, ləyaqətini zədələməməlidir. Belə davranışlar tələbədə qorxu, təşviş, özünəinamın azalması və yuxu problemləri yarada bilər. Davamlı təzyiq depressiv əlamətlərin yaranması riskini də artıra bilər. Təsirin ağırlığı hadisənin xarakterindən, təkrarlanmasından və şəxsin aldığı dəstəkdən asılıdır".

Elnur Rüstəmov əlavə edib ki, təhsil mühitində tələbə diqqətini öyrənməkdən çox özünü qorumağa yönəldə, dərsdə danışmaqdan çəkinə və motivasiyasını itirə bilər:

"Buna görə onun akademik nəticələrinin zəifləməsini dərhal tənbəllik və məsuliyyətsizliklə əlaqələndirmək doğru deyil. Belə vəziyyətlə üzləşən tələbə ilk növbədə problemi təkbaşına daşımağa çalışmamalıdır. Etibar etdiyi yaxınından, universitet psixoloqundan və ya məsələyə obyektiv yanaşa biləcək şəxsdən dəstək almalıdır. Hadisələrin tarixini, yerini, deyilən ifadələri və şahidləri qeyd etmək, mövcud mesaj və elektron məktubları saxlamaq məqsədəuyğundur. Etibarlı şəxsə müraciət etmək və rəqəmsal təzyiqin sübutlarını qorumaq UNICEF-in də tövsiyələri arasındadır. Tələbə universitetin müvafiq strukturuna konkret faktlarla yazılı müraciət edə, qiymətləndirmədə qərəz ehtimalı varsa, başqa müəllim və ya komissiya tərəfindən qiymətləndirilməsini istəyə bilər. Ciddi hədə-qorxu və təhlükə zamanı təhlükəsizliyini önə çəkməli, hüquqi dəstəyə və aidiyyəti qurumlara müraciət etməlidir. Universitetlər isə əlçatan, məxfiliyi qoruyan və qərəzsiz şikayət mexanizmi yaratmalıdır. Tələbə müraciətinə görə əlavə təzyiqlə üzləşməyəcəyinə əmin olmalıdır. Hər bir iddia faktlar əsasında araşdırılmalı, tərəflərin izahatı dinlənilməlidir. Tələbənin özünü qoruma bacarıqları vacibdir, lakin təhlükəsiz təhsil mühiti yaratmaq məsuliyyəti onun üzərinə qoyula bilməz. Universitetin nüfuzu tələbənin səsinin eşidildiyi və problemlərin ədalətlə həll olunduğu mühitlə möhkəmlənir".

FH
Fidan Hacızadə
Müxbir