ABŞ-İran arasında gərginliyin artması və mümkün hərbi qarşıdurma ilə bağlı narahatlıqlar beynəlxalq maliyyə bazarlarında da özünü göstərir. Qlobal birjalarda investorların riskli aktivlərdən uzaqlaşması fonunda bazarlarda dəyişkənlik artır.
Bəs qlobal bazarlarda yaranan bu qeyri-müəyyənlik Azərbaycanın iqtisadiyyatına və maliyyə bazarlarına necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Samir Heydərov bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, ABŞ–İran münasibətlərində gərginliyin artması yalnız siyasi və hərbi məsələ deyil, eyni zamanda qlobal iqtisadiyyat üçün ciddi risk faktorudur.

Onun sözlərinə görə, çünki İranın dünya enerji bazarındakı rolu, xüsusilə də Hörmüz boğazının strateji əhəmiyyəti kifayət qədər böyükdür:
"Dünya neft ticarətinin əhəmiyyətli hissəsi bu marşrutdan keçir. Buna görə də hərbi qarşıdurmanın genişlənməsi enerji təchizatında fasilələri artiraraq neft qiymətlərində kəskin artıma səbəb olur. Azərbaycan baxımından burada kifayət qədər maraqlı və ikitərəfli təsir mexanizmi formalaşır. Bir tərəfdən, neftin qiymətinin yüksəlməsi Azərbaycan kimi enerji ixracatçısı olan ölkənin gəlirlərini artırır. Neft ixracından əldə olunan valyuta gəlirlərinin yüksəlməsi tədiyə balansına, dövlət maliyyəsinə və ölkənin valyuta ehtiyatlarının formalaşmasına müsbət təsir göstərə bilər. Başqa sözlə, qlobal geosiyasi risklərin artması bir çox neft idxal edən ölkələr üçün ciddi iqtisadi problem olduğu halda, Azərbaycan üçün ilkin mərhələdə müəyyən maliyyə üstünlüyü yarada bilər. Neft qiymətinin yüksək olması, digər şərtlər dəyişməz qaldığı halda, Azərbaycana daha çox valyuta daxil olması deməkdir. Bu isə manatın məzənnəsinə fundamental baxımdan dəstək verən amillərdən biridir. Azərbaycanın həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın əhəmiyyətli valyuta ehtiyatlarının olması da xarici şoklara qarşı əlavə təhlükəsizlik yastığı formalaşdırır. Lakin burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: neftin bahalaşması avtomatik olaraq bütün risklərin aradan qalxması demək deyil. Əgər ABŞ–İran qarşıdurması uzunmüddətli xarakter alarsa, qlobal iqtisadiyyatda inflyasiya və logistika xərcləri yüksəlsə,qlobal iqtisadi artım zəifləyə bilər".
İqtisadçı əlavə edib ki, bu halda Azərbaycan da dünya iqtisadiyyatından təcrid olunmuş vəziyyətdə deyil:
"Bizim iqtisadiyyatımızın idxaldan asılı olduğu sahələr var və qlobal nəqliyyat, logistika və sığorta xərclərinin yüksəlməsi Azərbaycana gətirilən məhsulların maya dəyərinə təsir göstərə billər. hesab edirəm ki, Azərbaycan üçün qısamüddətli perspektivdə neft gəlirlərinin artması müsbət amil olsa da, orta müddətli perspektivdə əsas diqqət inflyasiya riskinə yönəlməlidir. Enerji qiymətlərinin yüksəlməsi təkcə benzinin və digər enerji məhsullarının qiymətinə təsir etmir. Bu artım nəqliyyat xərcləri vasitəsilə ərzaqdan tutmuş sənaye məhsullarına qədər geniş spektrdə qiymətlərin formalaşmasına təsir göstərə bilər. Azərbaycan maliyyə bazarı ABŞ və Avropa maliyyə bazarları ilə müqayisədə daha kiçik və daha az inteqrasiya olunmuş bazardır. Ona görə də "Wall Street"də və digər aparıcı birjalarda baş verən kəskin satışların Azərbaycana birbaşa təsiri məhdud ola bilər. Amma dolayı təsirlər mövcuddur. Qlobal investorlar risk iştahını azaltdıqda inkişaf etməkdə olan bazarlara kapital axını da zəifləyə bilər. Bu, həm qiymətli kağızlar bazarında aktivliyin azalmasına, həm də xarici maliyyələşmənin bahalaşmasına səbəb olur.
Digər tərəfdən, Azərbaycan bank sektorunun və ümumilikdə maliyyə sisteminin xarici şoklara davamlılığı burada mühüm əhəmiyyət daşıyır. Böyük valyuta ehtiyatları və makroiqtisadi sabitlik ölkəyə qlobal maliyyə bazarlarındakı kəskin dalğalanmaların təsirini yumşaltmaq imkanı verir".


