Özəl

Telefon nömrəsi sevgiyə təsir edir? - Numeroloqlar bu rəqəmləri fərqləndirir

Telefon nömrəsi sevgiyə təsir edir? - Numeroloqlar bu rəqəmləri fərqləndirir

Numeroloqlar mobil telefon nömrəsindəki rəqəmlərin insanın ünsiyyətinə və romantik münasibətlərinə təsir göstərə biləcəyini iddia edirlər.

Demokrat.az xəbər verir ki, bu barədə "Times of India"ya istinadən UNİAN məlumat yayıb.

Numerologiyaya görə, telefon nömrəsinin bütün rəqəmləri toplanmalı, alınan nəticə isə birrəqəmli ədədə endirilməlidir. Məsələn, rəqəmlərin cəmi 45-dirsə, 4 və 5 toplanaraq 9 alınır. Numeroloqlar hesab edirlər ki, məhz bu rəqəm nömrənin "enerjisini" müəyyənləşdirir.

Sevgi üçün hansı rəqəmlər uğurlu sayılır?

2 rəqəmi numerologiyada tərəfdaşlıq, həssaslıq, qarşılıqlı anlaşma və emosional bağlılıqla əlaqələndirilir. Bu rəqəmə uyğun gələn nömrələrin uzunmüddətli münasibət və yaxın ünsiyyət istəyən insanlar üçün əlverişli olduğu iddia edilir. Bununla yanaşı, numeroloqlar 2-nin emosional asılılığı və ünsiyyətdəki dəyişikliklərə həddindən artıq həssaslığı da gücləndirə biləcəyini bildirirlər.

3 rəqəmi ünsiyyət və sosial münasibətlərlə əlaqələndirilir. Numeroloqlar hesab edirlər ki, bu rəqəm yeni insanlarla tanışlığa və sosial çevrənin genişlənməsinə kömək edə bilər. Digər tərəfdən, onun münasibətlərdə ardıcıllığı zəiflədə biləcəyi iddia olunur.

6 rəqəmi sevgi sahəsində ən güclü rəqəmlərdən biri hesab edilir. Numerologiyada bu rəqəm sevgi, gözəllik, cazibə, rahatlıq və harmoniyanı simvolizə edir. Həmçinin 6 uzunmüddətli münasibətlər və ailə qurmaq istəyi ilə əlaqələndirilir.

9 rəqəmi isə güclü hisslər, ehtiras və intensiv emosiyalarla bağlanır. Numeroloqlar bu rəqəmin romantik cazibəni gücləndirə biləcəyini, lakin münasibətlərdə dramatikliyi və mübahisələri də artıra biləcəyini düşünürlər.

Hansı rəqəmlər münasibətlərdə çətinlik yarada bilər?

Numerologiyada 1, 4, 7 və 8 rəqəmləri münasibətlər üçün mütləq mənfi hesab edilmir. Lakin onlara fərqli xüsusiyyətlər aid edilir.

Belə ki, 1 müstəqillik, 4 praktiklik və nizam, 7 emosional məsafə və şəxsi məkan, 8 isə maddi məqsədlər, məsuliyyət və ambisiyalarla əlaqələndirilir.

Numeroloqların fikrincə, bu xüsusiyyətlər insanın xarakterində onsuz da güclüdürsə, telefon nömrəsində həmin rəqəmlərin üstünlük təşkil etməsi emosiyaların ifadəsini çətinləşdirə bilər.

Telefon nömrəsini necə seçmək olar?

Numerologiya tərəfdarları yeni nömrə seçərkən doğum tarixinin də nəzərə alınmasını məsləhət görürlər. Məsələn, ayın 6-sı, 15-i və ya 24-ü doğulan insanların 6 rəqəmi ilə daha güclü əlaqəsinin olduğu iddia edilir.

Bununla belə, numerologiyanın elmi əsasları yoxdur. Bu praktika qədim inanclara və müxtəlif şərhlərə əsaslanır və telefon nömrəsindəki rəqəmlərin insanın sevgi həyatına təsir etdiyini təsdiqləyən elmi sübut mövcud deyil. Bu səbəbdən belə yanaşmalara daha çox əyləncə və inanc çərçivəsində baxılır.

Jalə