Özəl

1 milyonluq limit nələri dəyişəcək?

1 milyonluq limit nələri dəyişəcək?

Rusiyadan Azərbaycana nağd rubl çıxarılmasına 1 milyon rublluq limitin tətbiq edilməsi iki ölkə arasında pul dövriyyəsi ilə bağlı yeni suallar yaradıb. Yeni qaydalara əsasən, fiziki şəxslər bu məbləğdən artıq nağd Rusiya valyutasını ölkədən çıxara bilməyəcəklər.

Bəs yeni məhdudiyyət Rusiyadan Azərbaycana pul axınına və ölkələr arasında pul dövriyyəsinə necə təsir göstərə bilər?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, Rusiyanın Azərbaycana nağd rubl çıxarılmasına yeni məhdudiyyət tətbiq etməsi ilk növbədə iki ölkə arasında qeyri-bank kanalları ilə həyata keçirilən nağd pul hərəkətinə təsir göstərəcək.

1 milyonluq limit nələri dəyişəcək?

Onun sözlərinə görə, burada vacib məqam odur ki, söhbət bütövlükdə Rusiyadan Azərbaycana pul köçürmələrinin dayandırılmasından deyil, əsasən nağd rublun ölkədən fiziki şəkildə çıxarılmasının məhdudlaşdırılmasından gedir:

"Fiziki şəxslər üçün 1 milyon rubl həddinin müəyyənləşdirilməsi böyük məbləğdə vəsaitlərin əlbəəl şəkildə Azərbaycana gətirilməsi imkanlarını azaldacaq. Bu isə Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının ailələrinə göndərdikləri vəsaitlərin müəyyən hissəsinin nağd daşınmadan bank və rəsmi pulköçürmə kanallarına keçməsinə səbəb ola bilər. İkinci mühüm təsir biznes hesablaşmalarında görünə bilər. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nağd rublun çıxarılmasına daha sərt məhdudiyyət biznesi bank hesablaşmalarına və sənədləşdirilmiş ödəniş mexanizmlərinə yönəldəcək. Bu baxımdan qərarın məqsədlərindən biri nağd pulun sərhədlərarası hərəkətini nəzarət altına almaq və maliyyə əməliyyatlarının şəffaflığını artırmaq kimi qiymətləndirilə bilər.

Azərbaycanın valyuta bazarına təsirinin isə ciddi olacağını gözləmək üçün hələ əsas yoxdur. Çünki Rusiyadan Azərbaycana daxil olan vəsaitlərin hamısı nağd rubl formasında gətirilmir. Bank köçürmələri və digər rəsmi kanallar qalır. Ona görə də qərar pul axınının özündən daha çox pulun Azərbaycana hansı kanalla daxil olmasına təsir göstərə bilər.

Bununla belə, nağd rubl təklifinin müəyyən qədər azalması Azərbaycanda rublun nağd valyuta bazarında alış-satış şərtlərinə təsir edə bilər. Əgər nağd rublun ölkəyə fiziki gətirilməsində əhəmiyyətli azalma baş verərsə, ayrı-ayrı dövrlərdə bank və valyutadəyişmə məntəqələrində nağd rublun təklifində müəyyən daralma müşahidə oluna bilər. Ancaq bunun miqyası faktiki olaraq Azərbaycana nə qədər rublun məhz nağd şəkildə gətirilməsindən asılı olacaq.

Digər tərəfdən, qərarın müsbət tərəfi odur ki, qeyri-rəsmi pul dövriyyəsinin payı azala, bank sistemi üzərindən aparılan əməliyyatların həcmi arta bilər. Bu isə maliyyə axınlarının daha şəffaf və izlənilə bilən olmasına şərait yaradır.

Ümumilikdə, mən bu qərarın Azərbaycan–Rusiya iqtisadi əlaqələrində pul dövriyyəsini kəskin azaltmasından daha çox, onun strukturunu dəyişəcəyini düşünürəm. Yəni nağd pul kanalının çəkisi azalacaq, bank və rəsmi köçürmə mexanizmlərinin rolu artacaq. Əsas məsələ bundan sonra bank köçürmələrinin əlçatanlığı, komissiya xərcləri və hesablaşmaların hansı valyutalarda aparılması olacaq".