Özəl

Az xərclə çox qazandıran biznes sirri açıqlandı

Az xərclə çox qazandıran biznes sirri açıqlandı

Azərbaycanda kiçik biznes qurmaq istəyənlər üçün fəaliyyət sahəsinin düzgün seçilməsi əsas məsələlərdən biridir. Xüsusilə ilkin mərhələdə daha az xərc tələb edən, gündəlik tələbatın olduğu və məhsulların daha sürətli satıldığı sahələrə üstünlük verilməsi biznesin maliyyə dayanıqlığı baxımından əhəmiyyət daşıyır.

Bəs kiçik biznes qurmaq istəyənlər hansı sahələrə üstünlük verməlidirlər və biznesin uğurlu olması üçün hansı amillər nəzərə alınmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Kənan Quluzadə bildirib ki, kiçik biznesə başlamaq istəyənlər üçün təkcə Azərbaycanda deyil, bütün dünyada qəbul olunmuş müəyyən prinsiplər var.

Az xərclə çox qazandıran biznes sirri açıqlandı

Onun sözlərinə görə, kiçik biznesə başlayan şəxslər daha az xərc tələb edən və iqtisadiyyatda likvid, yəni daha tez satılan məhsullara üstünlük verməlidirlər:

"Burada müxtəlif qida məhsulları, iaşə sahəsinə aid məhsullar, gündəlik tələbat malları və ya onlayn satış vasitəsilə nisbətən ucuz qiymətə təklif olunan məhsullar ola bilər. Çünki biznesin ilkin mərhələsində əsas məqsədlərdən biri dövriyyənin sürətini qorumaqdır. Sahibkarın əlində olan vəsait uzun müddət məhsul şəklində qalarsa və həmin məhsul gec satılarsa, bu, onun maliyyə imkanlarını məhdudlaşdıra bilər. Buna görə də ilkin mərhələdə uzunmüddətli dövriyyə tələb edən biznes modellərinə daxil olmaq müəyyən risklər yarada bilər. Daha çox kiçik həcmli, gündəlik tələbat olan və aktiv dövriyyəyə malik məhsullara üstünlük vermək məqsədəuyğundur. Bu zaman məhsulun marjasına da diqqət yetirmək lazımdır. Marjanın nisbətən aşağı olması qısamüddətli və sürətli dövriyyə şəraitində ciddi problem yaratmaya bilər.

Əsas məsələ məhsulun tez satılması və vəsaitin yenidən dövriyyəyə qaytarılmasıdır. Bununla yanaşı, bazarı düzgün araşdırmaq və istehlakçının real tələbatını müəyyənləşdirmək çox vacibdir. Sahibkar hansı məhsula tələbat olduğunu, rəqiblərin vəziyyətini, qiymətləri və potensial müştərilərin alıcılıq qabiliyyətini əvvəlcədən araşdırmalıdır. Məhsul seçimi düzgün aparılmadıqda, satışın uzun müddət gözlənilməsi kiçik biznes üçün əlavə maliyyə yükü yarada bilər. Xüsusilə biznesə yeni başlayan şəxslər böyük məbləğdə vəsaiti uzun müddət dövriyyədən kənarda saxlamamalıdırlar. Çünki kiçik biznesdə maliyyə resurslarının məhdud olması sahibkarı mümkün risklər qarşısında daha həssas vəziyyətə gətirə bilər. Uzunmüddətli satış və zəif dövriyyə isə nəticədə biznesin zərərlə işləməsinə, hətta qısa müddətdə fəaliyyətini dayandırmasına səbəb ola bilər. Ona görə də kiçik biznesə başlayarkən ilk mərhələdə əsas diqqət məhsulun bazardakı tələbatına, satış sürətinə, xərclərin düzgün hesablanmasına və vəsaitin dövriyyədə saxlanmasına yönəldilməlidir".