Sosial şəbəkələr dini məlumatların daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır. Lakin bu platformalarda yanlış və manipulyativ dini məlumatların yayılması da müəyyən risklər yarada bilər.
Bəs sosial şəbəkələr dini təbliğat üçün daha çox imkan yaradır, yoxsa risk?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən dinşünas Yaşar Qurbanov bildirib ki, sosial şəbəkələr dini təbliğat üçün geniş imkanlar yaratsa da, burada müəyyən problemlər də mövcuddur.
Onun sözlərinə görə, dini biliyi və elmi olmayan şəxslər İslam adına çıxış edərək müxtəlif fikirlər səsləndirirlər:
"Bu isə bəzən insanlar arasında münaqişələrə və fikir ayrılıqlarına səbəb olur. Xüsusilə TikTok kimi platformalarda dini mövzular ətrafında müxtəlif şəxslər arasında debatların təşkil edilməsi buna nümunədir. Görürük ki, heç birinin dini biliyi yoxdur. Bunlar, əksinə, dinə zərər verirlər. Əlbəttə, sosial şəbəkələrin faydası çoxdur. Dinin yayılması və təbliğ edilməsi daha çox insana çatır. Keçmişdə belə bir imkan olmayıb. Amma risk və təhlükə də var. Məsələn, radikal bir şəxs, yəni təkfirçi adlandırılan, başqalarını kafir elan edən və ya batil etiqadda olan birisi öz etiqadını yayır. Nəticədə bir çox insanın yanlış yola yönəldiyini görürük.
Məsələn, vaxtilə belə şəxslər sosial şəbəkələr vasitəsilə çıxış etdilər. Deyirdilər ki, Suriyada cihaddır və bununla bağlı çağırışlar yayılırdı. Nəticədə çox sayda insan Suriyaya getdi və kor-koranə həyatını itirdi. Sosial şəbəkələrin həm faydaları, həm də riskləri var. Ona görə dini biliyi olmayan insan bu məsələdə danışmamalıdır. Bu, məsuliyyətdir. Çünki sən insanları pis yola dəvət etsən, onların günahlarına görə məsuliyyət daşıya bilərsən. Buna bənzər çoxlu misallar çəkmək olar. Bəzi şəxslərin insanları başqa istiqamətə yönəltdiyi müşahidə olunur. Təkfirçilik, radikal fikirlər və dində olmayan anlayışlar yayılır. Bəziləri isə din adı altında xurafat yayır. Əlbəttə, həm risklər, həm də imkanlar mövcuddur. Amma hər dindar o demək deyil ki, dindən danışmalıdır.
Din məsələsində dini bilən insanlar danışmalıdır. Din üzrə təhsil alıb, savadı və biliyi olan insanlar bu mövzuda fikir bildirməlidirlər. Hazırda isə dini mövzuda demək olar ki, hər kəs fikir bildirir. Nəticədə nə baş verir? İnsanları ya yanlış istiqamətə yönəldir, ya da İslam dininə zərər vurur. Risklər də böyükdür, faydalar da böyükdür. Ona görə bu, çox ciddi məsələdir".


