Sosial

Toyuq filesinin qiyməti 10 manata qalxdı

Toyuq filesinin qiyməti 10 manata qalxdı

Bakıda marketlərdə satışda toyuq filesi qıtlığı müşahidə olunur. Bəzi mağazalarda məhsul ümumiyyətlə yoxdur, bir sıra satış məntəqələrində isə əvvəlki qiymətlə müqayisədə daha baha satılır. Hazırda toyuq filesinin ən ucuz qiyməti 8,5 manatdır.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli isə tələbatın artdığını deyib. Onun sözlərinə görə, sentyabrda əhalinin tətildən qayıtması və turist axınının artması toyuq ətinə, xüsusilə file və bud hissələrinə marağı artırıb.

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı "Bakupost"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, hazırda bəzi yerlərdə toyuq filesinin qiyməti 9-10 manata çatır.

O qeyd edib ki, qiymət artımın bir neçə səbəbi var:

"Birincisi, fevral-mart aylarından etibarən müəyyən xəstəliklərlə bağlı problemlər var. Həmin xəstəliklərlə mübarizə aparılır. Bəzən vəziyyət yaxşılaşır, bəzən isə çətinləşir. Bu da istehsalın azalmasına səbəb olur.

İkincisi, istehsal xərclərinin artmasıdır. İstehsal xərcləri yüksəldiyinə və eyni zamanda toyuq qıtlığı yarandığına görə qiymətlər artır.

Üçüncüsü isə logistika xərcləridir. Əvvəllər xaricdən bir maşın filenin gətirilməsi təxminən 5-6 min, bəzi hallarda 7 min manata başa gəlirdisə, son dövrlərdə bu xərc 20-22 min manata qədər yüksəlib. Bu da məhsulun Azərbaycana gətirilməsində ləngimələrə və yerli bazarda qıtlıq yaranmasına səbəb olub.

Digər tərəfdən, xarici bazarda da bu məhsulların qiyməti artıb. Əvvəllər xaricdən alınan məhsul Azərbaycan bazarına təxminən 5 manat 50 qəpiyə başa gəlirdisə və yerli bazarda 6-6,50 manata satılırdısa, indi idxal məhsulunun qiyməti təxminən 6,50-7 manata çatır. Belə olan halda sahibkar da üzərinə müəyyən məbləğ əlavə edərək məhsulu bazara çıxarır".

V.Oruc qeyd edib ki, həm məhsul qıtlığı, istehsal xərclərinin artması, xəstəliklər, həm də xarici bazarda bahalaşma yerli bazarda qiymət artımının əsas səbəbləridir:

"Fikrimcə, bu proses davam edəcək, qiymətlər daha da artacaq. Yerli istehsalı dəstəkləmək, təşviq etmək və istehsalın həcmini artırmaqla qiymətləri tənzimləmək olar. Qiymətlərin əvvəlki səviyyəyə qayıtması isə yerli bazarda mümkün deyil. Çünki maya dəyəri yüksəkdir, gətirmə xərcləri də artıb. Bütün bu amillər qiymətlərə təsir edir. Bu baxımdan düşünürəm ki, qiymətlərdə hər hansı enmə baş verməyəcək".