Azərbaycan Tibb Universiteti (ATU) ilk dəfə "Times Higher Education" tərəfindən "THE World University Rankings"-də (Dünya Universitetləri Reytinqi) yer alaraq beynəlxalq reytinq səhnəsində tarixi debüt edib. ATU-nun 2027-ci il reytinqində 2001+ intervalında qərarlaşması universitetin qlobal akademik məkanda tanınması baxımından mühüm hadisədir. Bu tarixi debüt ATU üçün yeni beynəlxalq mərhələnin başlanğıcıdır.
THE-nin 2027-ci il üzrə Dünya Universitetləri Reytinqində 118 ölkədən 2 297 ali təhsil müəssisəsi təmsil olunub. Azərbaycan üçün builki nəticələrin əsas yeniliklərindən biri ATU-nun ilk dəfə bu siyahıya daxil olmasıdır.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qeyd edir ki, ATU-nun "THE World University Rankings"-də yer alması universitetin akademik və elmi fəaliyyətinin beynəlxalq səviyyədə daha geniş tanınması, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının artırılması və yeni tərəfdaşlıqlar üçün əlavə imkanların yaranması baxımından əhəmiyyət daşıyır: "Bu nəticə yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla, ATU-nun elmi və akademik potensialını daha geniş coğrafiyada təqdim etməsi, beynəlxalq əməkdaşlıqlarını inkişaf etdirməsi və gələcək reytinqlərdə mövqeyini gücləndirməsi üçün mühüm zəmin yaradır".


