Krımda ev pişiyinin dişlədiyi şəxsin quduzluqdan həyatını itirməsi heyvan dişləmələri zamanı vaxtında tibbi müdaxilənin əhəmiyyətini yenidən gündəmə gətirib. Məlumata görə, şəxs dişləmədən sonra tibbi yardım almayıb və quduzluğa qarşı peyvənd olunmayıb.
Bəs Azərbaycanda heyvan dişləmələri zamanı vətəndaşların ilk olaraq hansı addımları atması vacibdir və quduzluq təhlükəsi ilə bağlı hansı hallarda mütləq tibbi müəssisəyə müraciət edilməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən infeksionist Aytən Ziyadova bildirib ki, quduzluq çox təhlükəli, lakin vaxtında müdaxilə ilə qarşısı alına bilən infeksion xəstəlikdir.

Onun sözlərinə görə, insan heyvan dişləməsi, cızılması və ya tüpürcəyin açıq yaraya təması nəticəsində yoluxa bilər:
"Ən vacib məqam odur ki, hadisədən sonra vaxt itirməmək lazımdır. İlk yardım düzgün aparılmalıdır. Yara ən azı 15 dəqiqə sabunlu axar su ilə yaxşı yuyulmalı, daha sonra antiseptik məhlulla işlənməlidir. Yara ilkin mərhələdə, xüsusilə quduzluq riski olduqda, adətən tikilmir. Risk yüksək olduqda quduzluğa qarşı immunoqlobulin tətbiq edilir. Onun mümkün qədər yaranın içinə və ətraf toxumalara yeridilməsi vacibdir, qalan hissə isə həkimin qərarı ilə əzələyə vurula bilər. Bundan əlavə, quduzluğa qarşı peyvənd kursu başlanır. Peyvənd adətən çiyin nahiyəsinə əzələdaxili vurulur və tətbiq sxemi xəstənin vəziyyətinə, yaranın xüsusiyyətlərinə və əvvəlki peyvənd statusuna görə həkim tərəfindən müəyyən edilir. Eyni zamanda yara infeksiyası riskinə görə tetanus profilaktikası qiymətləndirilir, ehtiyac olduqda antibiotik müalicəsi təyin edilə bilər.
Quduzluqda əsas təhlükə virusun sinir sistemi boyunca beyinə doğru hərəkət etməsidir. İnkubasiya dövrü çox vaxt bir neçə həftədən bir neçə aya qədər davam edir, lakin baş, üz və əl nahiyəsində olan dişləmələrdə daha qısa ola bilər. İlk əlamətlər dişləmə yerində ağrı, göynəmə, həssaslıq, ümumi halsızlıq və qızdırma ola bilər. Xəstəlik inkişaf etdikdə su qorxusu, hava axınına həssaslıq, güclü həyəcan, spazmlar və sinir sistemi pozğunluqları yarana bilər. Bu mərhələdən sonra, təəssüf ki, effektiv müalicə imkanları çox məhduddur. Buna görə də heyvanın sağlam görünməsi insanı arxayın etməməlidir. İt, pişik və ya digər məməli heyvan tərəfindən dişləmə və ya cızılma baş verdikdə, dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır. Quduzluqda həyat qurtaran addım xəstəlik başlamamışdan əvvəl aparılan düzgün profilaktikadır".


