Cəmiyyət

Telefon xarab çıxanda alıcı nə edə bilər?

Telefon xarab çıxanda alıcı nə edə bilər?

Elektronika mağazalarından telefon, planşet və digər cihazlar alan istehlakçılar bəzən məhsulda qısa müddət ərzində nasazlıq yarandıqda çətinliklərlə üzləşirlər. Xüsusilə satıcının məhsulu geri qəbul etməməsi, yalnız servisə yönləndirməsi və ya problemin həll olunmadığını bildirməsi istehlakçının hüquqları ilə fikirlər formalaşır.

Belə hallarda vətəndaşın hansı hüquqları var və hüquqlarının pozulduğunu düşünürsə, hüquqi baxımdan nə etməlidir?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, elektronika məhsulunda zəmanət müddəti ərzində qüsur aşkar edilərsə, istehlakçı qanunvericiliklə nəzərdə tutulmuş tələblərini satıcıya və ya istehsalçıya qarşı irəli sürə bilər:

Telefon xarab çıxanda alıcı nə edə bilər?

"Konkret haldan və qüsurun xarakterindən asılı olaraq istehlakçı məhsulun qüsurunun aradan qaldırılmasını, dəyişdirilməsini, qiymətinin uyğun şəkildə azaldılmasını və ya qanunla nəzərdə tutulan digər tələblərin təmin edilməsini tələb edə bilər. Satıcının "yalnız servisə müraciət edin" deməsi istehlakçının qanundan irəli gələn hüquqlarını avtomatik olaraq aradan qaldırmır. Servis müayinəsi qüsurun səbəbinin müəyyənləşdirilməsi üçün istifadə olunan mexanizm ola bilər, lakin istehlakçının qanuni tələbinin ümumiyyətlə qəbul edilməməsi üçün əsas kimi qiymətləndirilməməlidir. Gələcəkdə problem yaranacağı halda müraciət etmək üçün ilk növbədə məhsulun alınmasını və zəmanət şərtlərini təsdiq edən sənədlər, kassa çeki, elektron qəbz, müqavilə, zəmanət talonu və digər sənədləri saxlamaq lazımdır".

Vəkil əlavə edib ki, istehlakçı satıcıya yazılı şəkildə müraciət edərək konkret tələbini bildirməlidir:

"Müraciətin bir nüsxəsinin istehlakçıda saxlanılması və onun qəbul edildiyini təsdiq edən sübutun əldə olunması vacibdir. Məhsul servisə göndərilirsə, cihazın qəbul-təhvil sənədində nasazlığın konkret təsvirinin, cihazın komplektliyinin və xarici vəziyyətinin qeyd olunması məqsədəuyğundur. Nasazlığın təkrarlandığı hallarda əvvəlki servis müraciətləri də sənədləşdirilməlidir. Satıcının qanuni tələbi təmin etməməsi və ya istehlakçının müraciətinə münasibət bildirməməsi halında istehlakçı aidiyyəti dövlət qurumlarına müraciət edə bilər. Bundan əlavə, istehlakçı öz hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna da malikdir. Belə mübahisədə alış sənədləri, zəmanət talonu, satıcıya yazılı müraciət, servis aktları, yazışmalar, foto və videolar və digər sübutlar əhəmiyyətlidir".

FH
Fidan Hacızadə
Müxbir