Özəl

Evin dəyərini sürətlə düşürən əsas səbəblər açıqlandı

Evin dəyərini sürətlə düşürən əsas səbəblər açıqlandı

Mənzil alarkən qiymət, ərazi və evin vəziyyəti ilə yanaşı, onun gələcəkdə bazarda nə qədər tələb görəcəyi də mühüm amildir. Bəzi mənzillər yerləşmə, tikinti keyfiyyəti, sənədləşmə və digər xüsusiyyətlərinə görə sonradan satış zamanı alıcı tapmaq baxımından çətinlik yarada bilər.

Bəs vətəndaşlar mənzil alarkən evin gələcəkdə dəyər itirməməsi və satış zamanı problem yaşamaması üçün hansı məqamlara diqqət etməlidirlər?

Əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, əmlak alarkən həm əmlakçıların, həm də vətəndaşların diqqət etməli olduğu bir çox məqam var.

Evin dəyərini sürətlə düşürən əsas səbəblər açıqlandı

Onun sözlərinə görə, fərdi yaşayış evi, yəni torpaq üzərində tikilmiş evlər və torpaq sahələri alarkən vətəndaşlar ilk növbədə torpağın və ya həmin torpağın üzərində tikilmiş evin qadağan olunmuş ərazidə yerləşib-yerləşmədiyini araşdırmalıdırlar:

"Daha sonra, əgər çıxarış varsa, ilk növbədə torpağın çıxarışına diqqət etmək lazımdır. Hər çıxarış həmin torpaqda ev tikməyə avtomatik olaraq icazə vermir. Ev tikmək üçün çıxarışda torpağın təyinatı konkret olaraq "yaşayış məntəqələrinin torpaqları" göstərilməlidir. Yəni ev və obyekt tikmək üçün icazə verilən torpağın kateqoriyası və təyinatı burada mühüm əhəmiyyət daşıyır. Torpaqların bir çox kateqoriyası var. İnsanlar bu barədə məlumatlı olmadıqları üçün çox vaxt kənd təsərrüfatı, əkin-biçin və ya digər təyinatlı torpaqların çıxarışı olduğu halda, bilmədən həmin evləri və torpaqları alırlar. Daha sonra bunu bildikdə isə artıq gec olur və müxtəlif problemlərlə üzləşirlər.

Ona görə də ilk növbədə torpağın və ya torpaq üzərində tikilmiş həyət evinin və ya villanın yerləşdiyi torpağın çıxarışında göstərilən kateqoriyaya diqqət etmək lazımdır. Ev tikmək üçün torpağın çıxarışında "yaşayış məntəqələrinin torpaqları" yazılmalıdır. Ev tikintisi məsələsində torpağın təyinatının uyğun olması çox vacibdir. Digər tərəfdən, binalardakı mənzillərdə, xüsusilə müqavilə əsasında yeni binalardan mənzil alarkən də vətəndaşlar diqqətli olmalıdırlar. Belə hallarda alqı-satqı məsələləri müqavilə əsasında həyata keçirildiyi üçün tikinti şirkətinin ofisinə müraciət etmək və müqavilənin şərtlərini diqqətlə araşdırmaq lazımdır.

Mənzili satan şəxsin və əgər ailəlidirsə, həyat yoldaşının notariat qaydasında təsdiq olunmuş razılıq ərizələri alınmalıdır. Həmin razılıqlar əsasında tikinti şirkəti birinci sahibin adına olan müqaviləni ləğv edərək yeni alıcının adına rəsmiləşdirə bilər.

Əgər ər-arvad arasında birgə nikah dövründə əldə edilmiş əmlakdan söhbət gedirsə, həmin əmlakın birgə mülkiyyət olması baxımından hər iki tərəfin razılığının notariat qaydasında alınması çox vacibdir. Əgər tərəflərdən biri razılıq verməzsə, gələcəkdə böyük problemlər yarana və məsələ məhkəmə çəkişməsinə qədər gedib çıxa bilər.

Əgər mənzil çıxarışlıdırsa, istər yeni, istərsə də köhnə binada mənzil alarkən vətəndaşlar satıcının üzərinə müəyyən öhdəlik qoymalıdırlar. Satıcı həmin mənzildə qeydiyyatda olan bütün şəxslərin razılığını notariat qaydasında təqdim etməli və konkret öhdəlik götürməlidir ki, müəyyən edilmiş müddət ərzində həmin şəxslərin hər biri mənzildən qeydiyyatdan çıxarılsın".

Ekspert əlavə edib ki, əgər satış zamanı razılaşdırılmış vaxta qədər həmin şəxslər mənzildən qeydiyyatdan çıxmasalar, gələcəkdə yeni mənzil sahibi bu əmlakı satmaq istəyərkən problemlərlə üzləşə bilər:

"Belə ki, mənzildə qeydiyyatda olan şəxslərin razılığını almaq məcburiyyətində qala bilər. Digər tərəfdən, həmin şəxslər öz razılığı ilə qeydiyyatdan çıxmadıqda, onların qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmək lazım gələ bilər. Bu isə kifayət qədər vaxt aparan prosesdir və qısa müddətdə həll olunan məsələ deyil.

Ona görə də vətəndaşlar ev alarkən bu meyara xüsusi diqqət etməlidirlər. Konkret olaraq, satıcının üzərinə öhdəlik qoyulmalıdır ki, razılaşdırılmış müddətə qədər həmin mənzildə qeydiyyatda olan şəxslər başqa ünvana qeydiyyata düşərək bu ünvandan qeydiyyatdan çıxarılsınlar.

Məsələnin digər tərəfi isə yeni bina alarkən gələcəkdə satış zamanı problemlərin yaranmaması və alınan əmlakın dəyər qazanması ilə bağlıdır. Əgər yeni bina alınırsa, həmin tikinti şirkəti haqqında ətraflı məlumat əldə edilməlidir. Çünki elə tikinti şirkətləri var ki, onların fəaliyyəti qənaətbəxş hesab edilmədiyi üçün bu şirkətlərin tikdiyi mənzilləri sonradan satmaq çətin olur. Amma elə tikinti şirkətləri də var ki, bazarda özlərinə yaxşı reputasiya qazandıqları üçün onların tikdiyi binalardakı mənzillərin satışı daha asan həyata keçirilir. Buna görə də yeni bina alınarkən həmin tikinti şirkəti haqqında əvvəlcədən məlumat toplamaq və daha sonra qərar qəbul etmək lazımdır.

Əgər tikinti şirkəti özünü doğrultmayıbsa, keçmişdə problemləri yaranıbsa və ya hər hansı layihəsi yarımçıq qalıbsa, bu, gələcəkdə alıcı üçün ciddi risk yarada bilər. Çünki, elə binalar var ki, müəyyən mərhələyə qədər tikilsə də, illərdir tikinti işləri davam etdirilmir və həmin binalar yarımçıq vəziyyətdə saxlanılır. Bəzi layihələrin tikintisinin 7–8, hətta 10 il ərzində başa çatdırılmadığı hallar da var.

Məhz bu səbəbdən vətəndaşlar ev alarkən bu meyarlara diqqət etməli, həmin tikinti layihəsi və şirkət haqqında ətraflı məlumat toplamalı, daha sonra bu binadan və ya həmin tikinti şirkətinin inşa etdiyi binalardan ev almağın məqsədəuyğun olub-olmadığı barədə qərar verməlidirlər. Hər evi araşdırmadan almaq olmaz. Bu, gələcəkdə vətəndaşın həmin evi satmasına və ya əmlakın bazarda dəyər qazanmasına mane ola bilər. Bu məqam yeni binalara da aiddir. Həm köhnə, həm də yeni tikililərdə vətəndaşlara tövsiyəm odur ki, birinci və sonuncu mərtəbədən əmlak alarkən yaxşı düşünsünlər. Düzdür, bu mənzillər orta mərtəbələrdəki mənzillərlə müqayisədə daha ucuz ola bilər. Amma onları sonradan satmaq da həmişə asan olmur.

Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərin alıcı dairəsi daha məhdud ola bilər. Məhz bu səbəbdən həmin mərtəbələrdən ev alarkən vətəndaşlar iki dəfə düşünməlidirlər. Birinci və sonuncu mərtəbədən ev alarkən nəzərə almaq lazımdır ki, bu mənzilin dəyəri gələcəkdə eyni templə artmaya bilər. Mənzili satmaq mümkün olsa da, orta mərtəbələrdəki mənzillərlə müqayisədə daha aşağı qiymətə satmaq ehtimalını da nəzərə almaq lazımdır.

Amma orta mərtəbələrdə yerləşən mənzillər normal bazar qiymətinə alınarsa, gələcəkdə alıcı üçün gəlir imkanı yarada bilər. Belə ki, əmlak bazarında müəyyən dövrlərdə qiymət artımları müşahidə olunur və məhz problemsiz, tələbatın yüksək olduğu binalardakı orta mərtəbə mənzillər dəyər qazana bilir. Bu da alıcı üçün gələcəkdə sərmayədən gəlir əldə etmək imkanı yarada bilər. Əgər vətəndaşlar müqavilə ilə yeni bina alırlarsa, bu zaman mənzilin sahəsi ilə bağlı məsələyə xüsusi diqqət etməli və müqaviləni şirkətdə yoxladıqdan sonra imzalamalıdırlar".

Anar Nəsirov bildirib ki, vətəndaşlar mənzilin içdən-içə, yoxsa çöldən-çölə ölçüldüyünü araşdırmalıdırlar:

"Çünki şirkətlərin çoxu binanın sahəsini çöldən-çölə hesablayır. Daha sonra çıxarış alarkən orada kvadratmetrlə bağlı böyük fərq yarandığı üçün şirkətlə alıcı arasında mübahisə yaranır. Çox hallarda bu mübahisələr məhkəmə çəkişməsinə qədər gedib çıxır və vətəndaş bir çox hallarda burada uduzur. Belə ki, vətəndaş konkret olaraq bilməlidir ki, mənzilin satışı çöldən-çölə, yoxsa içdən-içə hesablanır. Daha sonra həmin müqaviləyə imza atılmalıdır. Əgər alıcı çöldən-çölə hesablanaraq satışa razı deyilsə, həmin mənzili almaqdan imtina edə bilər. Əgər razıdırsa, bunu qəbul edərək müqaviləni imzalaya bilər.

Çünki vətəndaş müqaviləni oxumadan imzalayarsa, gələcəkdə bununla bağlı məhkəməyə müraciət etdikdə də müəyyən çətinliklərlə üzləşə bilər. Çünki müqaviləni könüllü şəkildə imzaladığı üçün sonradan yaranan mübahisədə onun mövqeyinin müdafiəsi çətinləşə bilər və qərar qarşı tərəfin xeyrinə çıxarıla bilər.

Ona görə də vətəndaşlar müqavilə ilə ev alarkən müqavilənin şərtləri ilə, xüsusilə də satılan əmlakın sahəsinin çöldən-çölə, yoxsa içdən-içə hesablanması ilə mütləq tanış olmalıdırlar. Daha sonra bunu qəbul edib razılıq verərək müqaviləni imzalaya bilərlər. Razı olmadıqları halda isə həmin mənzili almaqdan imtina edə bilərlər. Bu da olduqca önəmli məsələdir və vətəndaşlar buna xüsusi diqqət etməlidirlər".