Gecə saatlarında əyləncə məkanlarından yayılan yüksək səs-küy yaxınlıqda yaşayan sakinlərin istirahətinə mane ola bilər.
Bəs səs-küydən narahat olan sakinlər hansı hüquqlara malikdir, hara müraciət edə və obyekt sahibinə qarşı hansı hüquqi tədbirlərin görülməsini tələb edə bilərlər?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, vətəndaşlar belə hallarla, yəni gecə saatlarında yüksək səs-küylə qarşılaşdıqda səssiz qalmamalıdırlar.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı qanunvericilikdə konkret tələblər və məsuliyyət tədbirləri nəzərdə tutulub:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində göstərilir ki, gecə saatlarında, yəni saat 24:00-dan səhər saat 07:00-dək məişət səs-küyünün yaranması, o cümlədən ictimai iaşə obyektlərində yüksək səslə musiqinin səsləndirilməsi inzibati xəta hesab olunur. Ona görə də vətəndaşlar belə bir halla qarşılaşdıqda aidiyyəti qurumlara müraciət edə bilərlər. Həmin şəxslər polisə, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməklə ərazidə səs-küyün səviyyəsinin ölçülməsini tələb edə bilərlər. Əgər aparılan ölçmə zamanı səs səviyyəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş normadan yüksək olduğu müəyyən edilərsə, həmin obyektin sahibinə qanunvericilikdə nəzərdə tutulan inzibati məsuliyyət tətbiq oluna bilər. Belə halda obyekt sahibinə 2000–2500 manat məbləğində inzibati cərimə tətbiq edilməsi mümkündür. Yəni səs-küyün normativ həddi aşdığı ölçmə ilə təsdiqlənərsə, bunun hüquqi nəticələri də ola bilər.
Eyni zamanda tətbiq olunan cərimədən sonra həmin inzibati pozuntu təkrar törədilərsə və ya qanunvericilikdə nəzərdə tutulan digər hallar baş verərsə, daha ciddi hüquqi tədbirlərin görülməsi gündəmə gələ bilər. Belə hallarda həmin obyektin fəaliyyətinin dayandırılması məsələsi məhkəmə qaydasında həll oluna bilər.
Bu baxımdan, gecə saatlarında yüksək səs-küydən narahat olan vətəndaşlar məsələni diqqətdən kənarda saxlamamalı, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlara müraciət etməlidirlər".


