İstanbul hava limanında məhkəmə qərarı ilə Caspian Airlines aviaşirkətinə məxsus Boeing 737 təyyarəsi təxminən 3 milyon avro məbləğində borc iddiasına görə saxlanılıb. Nəticədə İrana uçuş üçün artıq təyyarəyə minmiş sərnişinlər təyyarədən çıxarılaraq terminala qaytarılıblar.
Demokrat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, EP-KPB qeydiyyat nömrəli təyyarə uçuşa hazırlaşarkən kreditoru təmsil edən ACM Temsil Gözetim şirkətinin hüquqşünasları və məhkəmə icraçıları təyyarəyə yaxınlaşıb və həbs qərarını təqdim ediblər.
Sərnişinlər və ekipaj üzvləri təyyarədən çıxarılaraq yenidən terminala göndəriliblər.
Tehranda yerləşən Caspian Airlines 1993-cü ildə yaradılıb və İranın dövlət aviasiya qrupuna daxildir. Şirkət Boeing 737 təyyarələri ilə həm daxili, həm də beynəlxalq reyslər, o cümlədən İstanbul istiqamətində uçuşlar həyata keçirir.
İran aviaşirkətləri ABŞ sanksiyaları səbəbindən uzun illərdir təyyarə parkına texniki xidmət göstərmək və xarici tərəfdaşlar qarşısında maliyyə öhdəliklərini yerinə yetirməkdə ciddi çətinliklərlə üzləşirlər. Sanksiyalar təyyarələrə, ehtiyat hissələrinə, texniki xidmətlərə və beynəlxalq maliyyə sistemlərinə çıxışı məhdudlaşdırır.
Fevral ayında başlayan ABŞ-İran müharibəsi bu təzyiqləri daha da artırıb: İranın hava məkanı dəfələrlə bağlanıb, beynəlxalq marşrutların sayı azalıb.
Ötən çərşənbə günü İranın mülki aviasiya sektoruna qarşı genişmiqyaslı ikinci dərəcəli ABŞ sanksiyaları qüvvəyə minib.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də "Economic Outcast" əməliyyatı çərçivəsində 27 İran aviaşirkətinə və onlarla əlaqəli 9 xidmət təminatçısına qarşı sanksiyalar tətbiq edib. ABŞ xəbərdarlıq edib ki, İran aviadaşıyıcılarına xidmət göstərməyə davam edən xarici hava limanları, yanacaq təchizatçıları, yerüstü xidmət şirkətləri və bilet agentlikləri də sanksiyalara məruz qala və dollar sisteminə çıxışlarını itirə bilərlər.
Bu ikinci dərəcəli sanksiyalar İran mülki aviasiyasının beynəlxalq fəaliyyətinin kəskin azalmasına səbəb olub. İran aviaşirkətlərinin İraq, BƏƏ, Azərbaycan və Omanda reysləri dayandırılıb.
Bundan sonra İranın ən böyük özəl aviadaşıyıcısı Mahan Air Türkiyə və Omana uçuşlarını dayandırıb.
Lufthansa və Austrian Airlines İrana uçuşlarını oktyabrın 24-dək dayandırıb. Qatar Airways isə hava məkanındakı məhdudiyyətləri əsas gətirərək reysləri dayandırıb. Çin, Rusiya və Pakistan isə İrana və İrandan uçuşları davam etdirir.
Uçuşların izlənməsi üzrə xidmətlərin məlumatına görə, Tehranın əsas hava limanında gündəlik beynəlxalq reyslərin sayı 80–90-dan bazar ertəsi günü təxminən 41 reysə qədər azalıb.
Tehran BMT-yə, Beynəlxalq Mülki Aviasiya Təşkilatına və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi şikayətlər göndərib.
Türkiyə İran aviaşirkətlərinin uçuşlarını rəsmi şəkildə qadağan etməyib. Buna görə də Caspian Airlines təyyarəsi saxlanıldığı zaman şirkət hələ də İstanbula reyslər həyata keçirirdi.



