Erməni politoloq Giorgi Tumasyan Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə qış aylarında ölkəyə qaz tədarükünü dayandıra biləcəyini deyib. Onun sözlərinə görə, Ermənistanda Rusiyaya bağlı müxalif siyasi qüvvələr də bu istiqamətdə fəaliyyət göstərirlər. Belə bir ssenarinin reallaşması isə Ermənistan-Rusiya münasibətlərinə və ölkənin enerji təhlükəsizliyinə təsirsiz ötüşməyə bilər.
Bu hal iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər?
Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistanı noyabrın 1-dən qazsız qoyacağı ilə bağlı məlumatlar artıq geniş yayılmaqdadır:

"Hələlik bu məlumatların Rusiyanın rəsmi qərarı kimi təsdiqlənməsi yoxdur. Eyni zamanda, Moskva ilə İrəvan arasında qaz məsələsinin siyasi mübahisələrin bir hissəsinə çevrildiyini göstərən kifayət qədər sənədləşmiş faktlar var. Rusiya qazının Ermənistana nəqli 15-25 sentyabr tarixlərində dayandırılmışdı. "Qazprom Ermənistan" bunun səbəbini Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması ilə əlaqələndirmişdi. Həmin vaxt Ermənistan daxili ehtiyatlar və İrandan əlavə qaz hesabına istehlakı təmin etdi. Sentyabrın 25-də isə Rusiya qazının nəqli yenidən bərpa edildi. Bundan sonra, xüsusilə Ermənistan mətbuatında Rusiyadakı anonim mənbələrə istinadən xəbərlər yayılmağa başlayıb ki, Moskva noyabrın 1-dən qaz nəqlini tam dayandıra bilər və bunun qarşısını almaq üçün İrəvana siyasi şərtlərini artıq irəli sürüb. Bu şərtlər arasında Gümrüdəki Rusiyanın 102 saylı hərbi bazası ilə bağlı müzakirələrin dayandırılması, Rusiyanın kapitalı olan şirkətlərə, o cümlədən "Qazprom" və "Cənubi Qafqaz Dəmir Yolları"na qarşı tədbirlərin dayandırılması, Ermənistanın Avropa İttifaqına inteqrasiya kursuna yenidən baxılması, Rusiyanın "pro-Rusiya" hesab etdiyi siyasətçilərə qarşı cinayət tədbirlərinin dayandırılması və sair məsələlərin yer aldığı bildirilir. Əslində isə bu istiqamətdə Rusiya hələ bu ilin yazında Ermənistanın Aİ-yə inteqrasiya kursu ilə bağlı açıq xəbərdarlıq edib. Ermənistan hökuməti də Rusiyadan qazın qiymətinin dəyişdirilməsi və müqavilənin gələcəyi ilə bağlı təzyiq ehtimalını müzakirə edib".
Çingiz Şahbazi qeyd edib ki, bütün bunlar Rusiya-Ermənistan münasibətlərində artıq açıq şəkildə siyasi-iqtisadi mübahisələrin yaşandığını göstərir:
"Yəni qaz Rusiya üçün siyasi təsir alətlərindən biridir və qazın nəqlinin hər an dayandırılması yüksək ehtimallar arasında yer alır. Bu baxımdan qazın nəqlinin dayandırılması Ermənistan üçün ciddi problemlər yarada bilər və bu səbəbdən də bəzi siyasi dairələrdə "Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etməyi planlaşdırır" iddiaları səslənir. Avqustun 24-də Baş nazir Paşinyan parlamentdə çıxışı zamanı Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlərin bəzi erməni müxalifət dairələrində təşviq edildiyini və həmin dairələrin Rusiyadakı müəyyən çevrələri hakimiyyət dəyişikliyinə inandırmağa çalışdıqlarını söyləyib. Bu baxımdan Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 24-də daha sərt mövqe nümayiş etdirib. O bildirib: "Ölkə bir borudan və bir tərəfin qərarından asılı olmaq istəmir". Paşinyan hökuməti bununla bağlı İranla yanaşı, digər istiqamətlərdən qaz almaq yollarını da müzakirə edir. Hesab edirəm ki, bu istiqamətdə davam edən Rusiya-Ermənistan arasında siyasi və iqtisadi gərginliklər Moskva üçün də ciddi siqnallar verir. Qazın siyasi vasitəyə çevrilməsi Ermənistanı Rusiyadan daha sürətlə uzaqlaşdırmağa sövq edə bilər".



