İdman

Azərbaycanda futbol üçün yeni imkanlar yaranır — Açıqlama

Azərbaycanda futbol üçün yeni imkanlar yaranır — Açıqlama

"FİFA prezidenti Gianni Infantino-nun Azərbaycana səfəri ölkəmizdə futbolun inkişafı baxımından əhəmiyyətli hadisədir. Xüsusilə nəzərə alsaq ki, bu il U-15 yaş kateqoriyasında Dünya Çempionatı Azərbaycanda keçiriləcək. Belə mötəbər turnirin ölkəmizdə təşkili Azərbaycan futbolunda yeni və böyük inkişaf mərhələsinin başlanğıcı ola bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında Xətai Peşəkar Futbol Klubunun baş məşqçisi Samir Qasımov bildirib.

Onun sözlərinə görə, bu turnir bizə təkcə beynəlxalq səviyyəli yarış keçirmək imkanı vermir:

Azərbaycanda futbol üçün yeni imkanlar yaranır — Açıqlama

"Eyni zamanda, yerli məşqçilərimizin, akademiyalarımızın və gənc futbolçularımızın dünya futbolunun ən müasir yanaşmaları ilə yaxından tanış olması üçün ciddi fürsət yaradır. Əsas məsələ isə bu fürsətdən düzgün və səmərəli istifadə etməkdir. Cənab Prezident İlham Əliyevin FİFA prezidenti Gianni Infantinonu qəbul etməsi də dövlət səviyyəsində futbola göstərilən diqqətin və beynəlxalq futbol qurumları ilə əməkdaşlığa verilən önəmin göstəricisidir.

Düşünürəm ki, bundan sonrakı mərhələdə əsas gözlənti bu əməkdaşlığın konkret layihələrə və uzunmüddətli inkişaf proqramlarına çevrilməsidir. Bir məşqçi kimi mənim üçün ən vacib məsələlərdən biri uşaq və yeniyetmə futbolunun inkişafıdır. İstedadlı uşaqların düzgün seçilməsi, onların müasir metodologiya əsasında hazırlanması, məşqçilərin peşəkar inkişafı və akademiyaların fəaliyyətinin daha sistemli qurulması gələcəyimiz üçün əsas istiqamətlər olmalıdır. Amma burada başqa mühüm məsələ də var. Azərbaycan futbolunun inkişafında infrastrukturun, xüsusilə də stadionların və böyük futbol meydançalarının sayının artırılması çox böyük əhəmiyyət daşıyır. Təəssüf ki, bu gün bir çox komandaların öz stadionunun və ya daimi məşq meydanının olmaması uşaq futbolunun inkişafına müəyyən maneələr yaradır. Məncə, Bakı ilə yanaşı, bölgələrdə də yeni futbol stadionlarının və məşq komplekslərinin tikintisi gündəmdə olmalıdır. Bu gün akademiya səviyyəsində infrastruktura və sistemli fəaliyyətə malik klublarımızın sayı çox deyil. "Neftçi", "Qarabağ", "Sabah" və "Qəbələ" kimi klublar bu istiqamətdə mühüm işlər görüblər. Lakin yalnız bir neçə klubun bu səviyyədə olması Azərbaycan futbolunun gələcək potensialı üçün kifayət qədər geniş baza demək deyil. Klubların və futbol akademiyalarının sayı artmalı, onlar arasında rəqabət güclənməlidir. Çünki rəqabət artdıqca keyfiyyət də yüksəlir. Daha çox stadion, daha çox akademiya və daha çox klub demək, daha çox uşağın futbola cəlb olunması, daha çox istedadın üzə çıxması və nəticədə milli komandalarımız üçün daha geniş futbolçu bazasının formalaşması deməkdir. Burada mini-futbol üzrə əldə etdiyimiz nəticələri də nümunə göstərmək olar. Azərbaycanda mini-futbol meydançalarının nisbətən daha çox olması və bu sahəyə marağın yüksək olması nəticəsində milli komandamız dünya səviyyəsində böyük uğurlara imza atıb. İkiqat dünya çempionu olan Azərbaycan mini-futbol millisinin uğurları milyonlarla insanın sevincinə və qüruruna səbəb oldu. Bu, bir daha göstərir ki, düzgün infrastruktur, düzgün təşkilatlanma və rəqabət olduqda Azərbaycanda yüksək nəticələr əldə etmək mümkündür".

Samir Qasımov söyləyib ki, eyni yanaşmanı böyük futbola da tətbiq edə bilərik:

"Əgər Bakı və bölgələrdə böyük futbol meydançalarının və stadionların sayı artsa, uşaqların futbola marağı da yüksələcək. Bu isə təkcə futbolun deyil, həm də uşaqların sağlam həyat tərzinin, komanda ruhunun və sosial inkişafının dəstəklənməsi deməkdir. Digər tərəfdən, son illərdə "Neftçi", "Qarabağ" və "Sabah" kimi klublarımızın beynəlxalq arenada qazandığı nəticələr Azərbaycan futboluna marağın artmasına ciddi təsir göstərib. Klublarımızın UEFA-nın ən mötəbər klub turnirlərində qrup və liqa mərhələlərində ölkəmizi təmsil etməsi, Azərbaycanı dünyaya tanıtması və xalqımıza böyük qürur yaşatması futbolun populyarlığının artmasına öz töhfəsini verir. Bu gün Azərbaycanda yeni futbol klublarının yaranmasını da müsbət hal kimi qiymətləndirirəm. Təbii ki, hər yeni klubun yaranması dərhal böyük nəticə demək deyil. Amma bu, futbol mühitinin genişlənməsi, gələcəkdə rəqabətin artması, daxili çempionatın güclənməsi və daha çox uşağın futbola cəlb olunması baxımından vacib prosesdir. Eyni zamanda, uşaq futboluna qoyulan hər bir investisiya, əslində, Azərbaycan milli komandasının gələcəyinə qoyulan investisiyadır. Bu gün bir uşağın futbola başlaması, düzgün məşq alması və inkişaf etməsi gələcəkdə milli komandanın formasını geyinməsi ilə nəticələnə bilər. Bakı və bölgələrimizdə yeni stadionların, futbol akademiyalarının və məşq komplekslərinin tikintisi yaxın gələcəkdə daha geniş şəkildə gündəmə gələcək. Əgər infrastruktur, akademiya sistemi, məşqçi hazırlığı və rəqabət paralel şəkildə inkişaf etdirilərsə, bunun nəticəsini gələcəkdə həm klublarımızın beynəlxalq uğurlarında, həm də Azərbaycan milli komandasının mötəbər dünya və Avropa çempionatlarına vəsiqə qazanması istiqamətində görə bilərik. Məncə, U-15 Dünya Çempionatının Azərbaycanda keçirilməsi və FİFA ilə əməkdaşlığın genişlənməsi bu istiqamətdə çox mühüm imkan yaradır. Əsas məsələ həmin imkanları düzgün dəyərləndirmək və bu prosesi turnirlə məhdudlaşdırmadan uzunmüddətli futbol inkişaf strategiyasına çevirməkdir".

FH
Fidan Hacızadə
Müxbir