Qış aylarında səyahət etmək istəyənlər üçün həm maraqlı, həm də büdcəyə uyğun istiqamətlərə maraq artır. Xüsusilə soyuq havada fərqli ölkələri gəzmək, qar görmək və qış atmosferini yaşamaq istəyən turistlər daha sərfəli variantlar axtarırlar.
Qış aylarında turistlər üçün həm qiymət, həm də gəzməli-görməli yerlər baxımından hansı ölkə və şəhərlər daha əlverişlidir? Az büdcə ilə qış səyahəti planlayanlar nələrə diqqət etməlidirlər?
Turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında söyləyib ki, qış aylarında səyahət planlaşdıran turistlər üçün əsas meyarlar həm münasib qiymət, həm də zəngin turizm imkanlarının olmasıdır.

Onun sözlərinə görə, Azərbaycanlı turistlər üçün xüsusilə Türkiyənin İstanbul, Ankara və Bursa şəhərləri, Gürcüstanın Tbilisi və Batumi istiqamətləri, eləcə də Şərqi Avropanın bəzi şəhərləri büdcəyə uyğun seçimlər sırasında yer ala bilər:
"Qar və qış atmosferi axtaranlar üçün isə Gürcüstanın Qudauri və Bakuriani, Türkiyənin Uludağ və Kartalkaya kimi dağlıq kurortları maraqlı alternativlərdir. Daha qənaətli səyahət üçün aviabiletləri əvvəlcədən almaq, həftəiçi tarixləri seçmək və oteli şəhər mərkəzindən bir qədər kənarda bron etmək mümkündür. Turistlər yalnız aviabiletin qiymətini deyil, baqaj, transfer, hotel və gündəlik xərcləri də nəzərə alaraq ümumi səyahət büdcəsini hesablamalıdırlar".
Ekspert əlavə edib ki, qış aylarında hava şəraitini və mümkün reys dəyişikliklərini əvvəlcədən yoxlamaq da vacibdir:
"Düzgün tarix və marşrut seçimi ilə böyük büdcə ayırmadan həm qar və qış atmosferini, həm də zəngin mədəniyyəti yaşamaq mümkündür".


