2026-cı ilin yanvar–avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azdır.
Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib ki, yanvar-avqust aylarında 8%-ə yaxın azalma statistika göstəricilərinə görə qeydə alınıb:

"Bu göstərici ilin ortalarında 9-10% arasında idi. İndi isə həmin fərq bir qədər azalıb və müsbət istiqamətdə dəyişib. Əslində, ilin əvvəlində başlayan müharibə şəraiti, cənubda yaşanan müharibə və regiondakı gərginlik Azərbaycanın hədəf bazarlarından turist axınının kəskin azalmasına səbəb oldu. Xüsusən Körfəz ölkələrindən və İrandan gələn turistlərin sayında azalma müşahidə edildi. İran-İsrail müharibəsi nəticəsində hava məkanının bağlanması Azərbaycana gələn turistlərin, xüsusən də Körfəz ölkələrindən gələnlərin sayına ciddi təsir göstərdi. Buna Hindistan-Pakistan arasındakı gərginlik səbəbindən hər iki ölkədən Azərbaycana gələn turistlərin sayında azalmanı da əlavə edə bilərik".
Ekspert qeyd edib ki, ümumilikdə, azalmanın əsas səbəbləri bunlardır:
"Lakin yeni hədəf bazarlarında tanıtım işləri aparılır və ehtimal ki, bu il tam olaraq ötənilki göstəriciləri bərpa etmək bir qədər çətin olacaq. Amma ümumilikdə 2026-cı il Azərbaycan turizmi və turizm təqvimi üçün daha çox sınaq ili kimi yadda qalacaq. Çünki regionda baş verən hadisələr, eləcə də yeni hədəf bazarlarında görüləcək işlər və digər tədbirlər vaxt tələb edir. Buna baxmayaraq, ölkəmizə turist axınını təşviq edən bir sıra addımlar atıla bilər. Bildiyimiz kimi, avqust ayında turizmin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. 2026–2030-cu illəri əhatə edən dövlət proqramında mərhələli şəkildə ölkəyə gələn turistlərin sayının təxminən 4 milyona çatdırılması hədəfi müəyyənləşdirilib.
Əslində, bu, geniş və əhatəli məzmunu olan bir sənəddir. Burada ölkəyə gələn turistlərin sayının artırılması istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub. Bunlara regionlardakı hava limanlarının daha səmərəli fəaliyyət göstərməsi, beynəlxalq hava limanlarından daha səmərəli istifadə, turistlərin təşviq olunması, turizm şirkətlərinə müxtəlif təşviqlərin verilməsi, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi və digər tədbirlər daxildir. Bütün bunlar ölkəyə turist axınının artmasına xidmət edə bilər. Bu tədbirlər düzgün və çevik şəkildə tətbiq olunarsa, yeni hədəf bazarlarından turist gəlişini daha tez artıra və turizm bazarını bərpa edə bilərik. Eyni zamanda, pandemiyadan əvvəlki dövrlə müqayisədə turizm göstəricilərinin yenidən bərpasına nail olmaq mümkündür".

