Özəl

ABŞ-İran danışıqlarının növbəti mərhələsi necə olacaq? — Səbəbləri açıqlandı

ABŞ-İran danışıqlarının növbəti mərhələsi necə olacaq? — Səbəbləri açıqlandı

ABŞ-də keçirilən yüksək səviyyəli görüş başa çatıb. Görüş zamanı tərəflər arasında bir sıra mühüm məsələlər müzakirə olunub və danışıqların nəticələri bundan sonrakı proses baxımından diqqət çəkir.

Bəs görüşün əsas nəticələri nələr oldu və tərəflər arasında bundan sonra hansı addımların atılması gözlənilir?

Mövzu ilə bağlı Demokrat.az- açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüş və səsləndirilən açıqlamalar göstərir ki, ABŞ və İran arasında hələ də əsas məsələlər üzrə ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Onun sözlərinə görə, tərəflər arasında intensiv təmaslar davam etsə də, əvvəl əldə olunmuş razılaşmanın icra edilməməsi qarşılıqlı etimad problemini daha da dərinləşdirib:

"Eyni zamanda, əsas məsələlər üzrə mövqelərin ciddi şəkildə fərqlənməsi və tərəflərin öz şərtlərində fundamental dəyişikliklərə getməməsi hazırkı mərhələdə yekun razılaşma ehtimalını məhdudlaşdırır. Bununla belə, danışıqlar kanalının açıq qalması mühüm məqamdır. Siyasi ritorikada sərt və qarşıdurma xarakterli fikirlər səslənsə də, tərəflərin dialoqu davam etdirməsi diplomatik həll imkanlarının tamamilə aradan qalxmadığını göstərir. Tərəflər bir-birlərinin mövqelərini və şərtlərini müzakirə etməyə davam edir, lakin hələlik yekun qərara gəlmək mümkün olmayıb.

Danışıqlarda əsas fikir ayrılıqları bir neçə prinsipial məsələ ətrafında cəmlənir. Bunların sırasında Hörmüz boğazının statusu, İrana qarşı tətbiq olunan sanksiyalar və İranın nüvə proqramı xüsusi yer tutur. Məhz bu məsələlər üzrə mövqelərin üst-üstə düşməməsi danışıqların irəliləməsini çətinləşdirir.

Bundan sonrakı mərhələdə tərəflərin daha ehtiyatlı və mərhələli yanaşma nümayiş etdirməsi gözlənilir. Mümkün razılaşmanın birdən-birə deyil, ayrı-ayrı məsələlər üzrə qarşılıqlı güzəştlər və mərhələli razılaşmalar vasitəsilə əldə olunması əsas müzakirə istiqamətlərindən biri ola bilər. Bununla yanaşı, hər iki tərəf danışıqlarda öz maraqlarını və əsas prinsiplərini qorumağa çalışacaq".

Elmir Səftərovun fikrini görə, hazırkı vəziyyətdə ciddi nəticə əldə olunmasa da, danışıqların davam etməsi qarşıdurma və yeni müharibə ehtimalı ilə müqayisədə daha konstruktiv prosesdir:

"Çünki mümkün hərbi eskalasiyanın yalnız tərəflər üçün deyil, bütövlükdə region və dünya iqtisadiyyatı üçün ciddi nəticələri ola bilər. Sanksiyalar, enerji və nəqliyyat marşrutlarında yaranan məhdudiyyətlər və dünya bazarlarında qiymət artımları onsuz da mövcud olan iqtisadi və ictimai təzyiqləri artırır.

Bundan əlavə, Yaxın Şərqdə artıq bir sıra gərginlik ocaqlarının mövcud olduğu nəzərə alınarsa, ABŞ və İran arasında yeni genişmiqyaslı qarşıdurmanın regiona daha böyük təhlükəsizlik riskləri gətirməsi mümkündür. Belə bir münaqişənin uzunmüddətli həlli də kifayət qədər mürəkkəb və hər iki tərəf üçün yüksək maliyyətli ola bilər.

Növbəti mərhələnin əsas sualı isə bu dialoqun konkret, mərhələli razılaşmalara çevrilib-çevrilməyəcəyi olacaq".