"Fənərbağça" qış transfer pəncərəsi üçün fəaliyyətə başlayıb. İstanbul təmsilçisinin yarımmüdafiənin mərkəzini gücləndirmək üçün üç futbolçudan ibarət siyahı hazırladığı bildirilir.
Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, "Fənərbağça"nın əsas hədəflərindən biri "İnter"in 32 yaşlı futbolçusu Hakan Çalhanoğludur. Milli futbolçu yarımmüdafiənin 6, 8 və 10 nömrəli mövqelərində çıxış edə bilməsi, həmçinin oyun quruculuğu və standart vəziyyətlərdəki effektivliyi ilə diqqət çəkir.
Çalhanoğlunun "İnter"lə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatır. İtaliya klubunun futbolçu ilə yeni müqavilə üzrə danışıqlar apardığı bildirilsə də, hələlik rəsmi razılaşma açıqlanmayıb. "Fənərbağça"nın yanvar ayında onun üçün yenidən cəhd göstərə biləcəyi iddia olunur.
İstanbul klubunun siyahısında daha iki gənc futbolçunun olduğu qeyd edilir. Onlardan biri İngiltərənin "Brayton" klubunda çıxış edən 22 yaşlı İsveç millisinin üzvü Yasin Ayaridir. Müxtəlif yarımmüdafiə mövqelərində oynaya bilən Ayarinin müqaviləsi ilə bağlı vəziyyət də transfer planında mühüm amil hesab olunur.
Digər namizəd isə Argentinanın "Boka Xuniors" klubunun 21 yaşlı futbolçusu Milton Delqadodur. Ön libero və mərkəz yarımmüdafiəçisi kimi çıxış edən argentinalının klubla müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədədir. Onun bazar dəyərinin təxminən 10 milyon avro olduğu bildirilir.
Qeyd edək ki, Delqadonun adı "Fənərbağça"nın yay transfer dönəmində də gündəmə gəlmişdi. Lakin tərəflər arasında razılaşma əldə olunmayıb. Argentina mətbuatında futbolçunun müqaviləsində 15 milyon dollarlıq sərbəstqalma maddəsinin olduğu da yazılmışdı.
Jalə

