Hadisə

"Arvadım heyvanları gətirməkdən imtina elədi, mən də yumruqladım"

Arvadım heyvanları gətirməkdən imtina elədi, mən də yumruqladım

Şəmkir rayonunda 49 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunun kəndlərindən birində baş verib. 1977-ci il təvəllüdlü Nizaməddin yaşadıqları evdə həyat yoldaşı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Nizaməddin örüş sahəsində olan iribuynuzlu heyvanları arvadının gətirməkdən imtina etməsi ilə bağlı mübahisə edib.

Buna görə aralarında baş vermiş mübahisə zamanı 49 yaşlı kişi yumruqla bir neçə dəfə arvadının sifətinə və başına vurub, ona xəsarət yetirib.

Faktla bağlı Nizaməddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nizaməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 19:45 radələrində evlərində olarkən arvadına örüş sahəsindəki iribuynuzlu heyvanları evə gətirməsini istəyib:

"Amma arvadım heyvanları gətirməkdən imtina elədi. Buna görə aramızda mübahisə oldu. Mən də əsəbləşərək yumruqla onu vurdum. Sonradan əməlimdən peşman oldum. Arvadımla barışmışam".

Zərərçəkmiş də ifadəsində əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

R
Redaktor