Son günlər piyadaların yol hərəkəti qaydalarını pozmasına görə cərimələnəcəyi ilə bağlı iddialar səsləndirilib. Lakin bu məlumatlar sonradan təsdiqini tapmayıb.
Əgər piyadaların da qayda pozuntularına görə cərimələnməsi tətbiq olunsa, bu, piyadaların iştirakı ilə baş vermiş qəzaların sayını azalda bilərmi?
Nəqliyyat eksperti Rüfət Əmiraslanov Demokrat.az-a açıqlamasında bildirib ki, piyadaların yol hərəkəti qaydalarını pozmasına görə cərimələnməsi mexanizminin tətbiq edilməsi, şübhəsiz ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayını azalda bilər:

"Çünki İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan sanksiyalar hüquqi müstəvidə mühüm çəkindirici amil rolunu oynayır. Cərimələrin tətbiqi piyadalarda məsuliyyət hissini artırır, onları nəzərdə tutulmayan yerlərdən keçməkdən və işıqforun qadağanedici siqnalına məhəl qoymamaqdan çəkindirir.
Beləliklə, sürücülərlə yanaşı, piyadaların da yol hərəkətinin bərabərhüquqlu və məsuliyyətli iştirakçısı olduğu şüuru formalaşır. Lakin bu tədbirin gözlənilən nəticəni verməsi və qəza statistikasını əhəmiyyətli dərəcədə aşağı salması üçün əsas diqqət maarifləndirmə prosesinə yönəldilməlidir".
Ekspert əlavə edib ki, cəzalandırma mexanizmi təkbaşına hərəkət mədəniyyətini dəyişməyə kifayət etmir:
"Bu addım genişmiqyaslı sosial maarifləndirmə kampaniyaları, media təbliğatı və təhsil müəssisələrində aparılan məqsədyönlü işlərlə dəstəklənməlidir. Piyadalara qayda pozuntusunun yalnız maliyyə itkisi deyil, birbaşa həyati risk yaratdığı aşılanmalı, təhlükəsiz davranış vərdişləri formalaşdırılmalıdır. Yekun olaraq, cərimə sanksiyaları cəmiyyətdə yüksək yol hərəkəti mədəniyyətinin formalaşdırılmasına yönəlmiş intensiv maarifləndirmə tədbirləri ilə paralel həyata keçirilərsə, piyadaların iştirakı ilə baş verən qəzaların sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür".

