Türkiyənin məşhur "Çocuklar Duymasın" serialında "Tolqa" obrazını canlandıran aktyor Serkan Balbal illər sonra yenidən gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, Balbal İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı istintaq çərçivəsində saxlanılaraq həbs edilib. Aktyorun təxminən 3 ay həbsdə qaldığı, daha sonra isə effektiv peşmanlıq müddəalarından yararlanaraq azadlığa buraxıldığı bildirilib.
Məhkəmədə ifadə verib
Serkan Balbal İBB işi üzrə keçirilən 87-ci məhkəmə iclasında müdafiə çıxışı edib. Məhkəmə zalında iş adamı Murat Kapki və Ekrem İmamoğlu da olub.
Balbal çıxışı zamanı həbsdə olduğu müddətdən danışıb. O, prokurorluğa bildiklərini daha ətraflı şəkildə danışdığını və bundan sonra azadlığa buraxıldığını bildirib.
Aktyor eyni zamanda həyatının heç bir dövründə İstanbul Böyükşəhər Bələdiyyəsi ilə kommersiya fəaliyyəti aparmadığını deyib.
Əvvəlki ifadəsi də müzakirə olunub
Məhkəmə zamanı Balbalın 2025-ci ilin iyununda effektiv peşmanlıq çərçivəsində verdiyi ifadədə səsləndirdiyi bəzi fikirlər də gündəmə gətirilib.
Balbal daha əvvəl Murat Kapkinin İBB ilə həyata keçirdiyi işlər və əmlakı ilə bağlı iddialar səsləndirmişdi. Son məhkəmə iclasında isə Kapkinin əmlakının daha əvvəlki dövrlərə aid olduğunu bildirərək onunla 2009-cu ildən tanış olduğunu deyib.
"Biz Muratla 2009-cu ildə tanış olmuşuq. O vaxt da Acarkentdə villası var idi", – deyə Balbal bildirib.
Aktyor Kapki ilə uzun illərə dayanan dostluğunun olduğunu, aralarındakı kommersiya əlaqələrinin isə radio və reklam sektorundakı fəaliyyətlə bağlı olduğunu qeyd edib.
"Dar köynək Tolqa" kimi tanınıb
Serkan Balbal geniş tamaşaçı kütləsinə "Çocuklar Duymasın" serialındakı "Dar Gömlek Tolga" ("Dar köynək Tolqa") obrazı ilə tanışdır.
Uzun müddətdir ekranlardan uzaq olan aktyor son illərdə əsasən kommersiya fəaliyyəti ilə məşğul olub. Onun adının İBB işi çərçivəsində keçirilən məhkəmə prosesində hallanması isə yenidən diqqət çəkib.



