Özəl

Büdcə xərclərinin səmərəliliyi necə artırıla bilər? — İqtisadçı açıqladı

Büdcə xərclərinin səmərəliliyi necə artırıla bilər? — İqtisadçı açıqladı

2027–2030-cu illər üçün dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri müəyyənləşdirilib. Qarşıdakı dövrdə büdcə vəsaitlərinin iqtisadi inkişafın dəstəklənməsi, sosial sahələrin maliyyələşdirilməsi və dövlət maliyyəsinin dayanıqlılığının qorunması istiqamətində bölüşdürülməsi nəzərdə tutulur.

Bəs müəyyən edilən prioritetlər qarşıdakı illərdə ölkənin iqtisadi inkişafına və əhalinin sosial rifahına necə təsir göstərə bilər? Vəsaitlərin səmərəli istifadəsi üçün hansı məqamlar nəzərə alınmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidov bildirib ki, prioritetlərin müəyyənləşdirilməsi özlüyündə nəticə təmin etmir.

Büdcə xərclərinin səmərəliliyi necə artırıla bilər? — İqtisadçı açıqladı

Onun sözlərinə görə, əsas məsələ müəyyənləşdirilən prioritetlərin nə dərəcədə düzgün seçilməsi və onların həyata keçirilməsi mexanizmləridir:

"Məsələn, büdcə xərclərinin prioritetləri arasında ÜDM-in artırılması məqsədi qeyd olunur. Bu, ümumi iqtisadiyyatın məqsədidir. Büdcə baxımından isə əsas məsələ vəsaitlərin necə xərclənməsidir. Nəyə xərclənəcəyi qeyd edilir, əsas istiqamətlər göstərilir. Lakin müəyyən qaydalar və metodologiya qəbul olunmadıqca, bu prioritetlərin əhəmiyyəti məhdud qala bilər. Çünki sonda təkliflər müxtəlif nazirliklərdən və icra hakimiyyəti qurumlarından gəlir və qəbul olunur. Prioritetlərin həmin prosesdə nəzərə alınmasını təmin edən qaydaların daha aydın müəyyənləşdirilməsinə ehtiyac var.

Düzgün olardı ki, büdcə xərcləmələrində, xüsusən də dövlət investisiyalarında müəyyən qaydalar tətbiq olunsun. Cari xərclərin müəyyən hissəsi hər il təkrarlanır və onların həcmi müxtəlif səbəblərdən arta və ya azala bilər. Amma hətta onların dəyişməsinin də qaydaları müəyyən edilməli və proses şəffaf aparılmalıdır.

İqtisadi səmərəliliyin təmin olunması üçün qəbul edilmiş metodologiya olmalıdır. Həmin metodologiyaya əsasən iqtisadiyyatın maraqları nəzərə alınmalıdır.

Əgər prioritet ÜDM-in artırılmasıdırsa, xərclərin düzgün istiqamətləndirilməsini təmin edən mexanizmlər də olmalıdır ki, ayrılan vəsait iqtisadiyyatın böyüməsinə xidmət etsin. Başqa bir məsələ büdcə xərclərinin istiqamətidir. Məsələn, kənd təsərrüfatına verilən subsidiyaların səmərəliliyinin qiymətləndirilməsinə baxaq. İqtisadi səmərəlilik qiymətləndirilmədən, yalnız hansısa qurumun yanaşması əsasında qərar qəbul edilməsi məqsədəuyğun deyil".

İqtisadçı əlavə edib ki, verilən subsidiyaların nəticəsi də izlənilməlidir:

"Məsələn, fermerlərə müəyyən məhsulu əkmələri üçün subsidiya verilir, lakin sonradan həmin məhsul istehsaldan çıxarılırsa, ayrılan vəsaitin iqtisadi nəticəsi ayrıca qiymətləndirilməlidir. Əks halda, subsidiyanın iqtisadi səmərəsi aşağı ola bilər.

Fermerlərə göstərilən bu cür dəstək sahibkarlığın təşviqi mexanizmlərindən biridir. Onun qiymətləndirilməsi ilə bağlı qaydalar bu il qəbul edilib. Mən hesab edirəm ki, həmin qaydaların daha da təkmilləşdirilməsinə ehtiyac var. Hazırkı qaydalar və metodologiya ilə qiymətləndirmənin bütün hallarda obyektiv aparılması çətin ola bilər.

Qiymətləndirmə mexanizminin düzgün qurulmaması müəyyən problemlərə səbəb ola bilər. Buna görə də sahibkarlara göstərilən dövlət dəstəyinin hansı meyarlarla müəyyənləşdirildiyi və qiymətləndirildiyi aydın olmalıdır.

Hesab edirəm ki, dövlət investisiya layihələrinin seçilməsi və təsdiqlənməsi üçün qaydalar və metodologiya qəbul edilməlidir. Bundan əlavə, layihələrin idarə edilməsi ilə bağlı da aydın mexanizmlər olmalıdır.

Dövlət layihələrinin idarə olunması zamanı şəffaflığın və səmərəliliyin artırılması vacibdir. Bunun üçün mövcud qaydaların və tətbiq olunan prosedurların təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda, sahibkarlara və fermerlərə dəstəyin, o cümlədən əkin subsidiyalarının həcminin müəyyən meyarlar əsasında şəffaf şəkildə müəyyən edilməsi və icra prosesində də bu prinsiplərin qorunması vacibdir.

Daha sonra həmin dəstəyin nəticələri qiymətləndirilməlidir. Bu, səmərəsiz xərcləmələrin qarşısının alınmasına və gələcək qərarların daha düzgün formalaşdırılmasına imkan verə bilər.

Ümumi olaraq, sahibkarlara dəstək qaydaları və metodologiyası qəbul edilib və onun təkmilləşdirilməsinə ehtiyac var. Metodologiyanın düzgün qurulması həm dövlət dəstəyinin səmərəliliyinin qiymətləndirilməsi, həm də müxtəlif dəstək mexanizmlərinin obyektiv şəkildə müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir".