Keanu Reevesin rol aldığı filmlər xarakter və mövzularına görə 12 bürclə əlaqələndirilib. Siyahıda cəsarət, sədaqət, macəra, romantika və sirr kimi fərqli xüsusiyyətlər ön plana çıxarılıb.
Demokrat.az xəbər verir ki, "The Fandomentals" aktyorun karyerasındakı filmləri bürclərlə uyğunlaşdırıb. Mənbənin siyahısında Oğlaq bürcü yer almasa da, bu boşluq "47 Ronin" filmi ilə tamamlanıb.
Qoç – "Constantine"
Qoç bürcünə 2005-ci ildə ekranlaşdırılan "Constantine" filmi uyğun görülüb. Keanu Reevesin canlandırdığı Con Konstantin mələkləri və cinləri görə bilən, cəhənnəmdən xilas olmağa çalışan qorxmaz qəhrəmandır. Onun düşünmədən hərəkətə keçməsi və təhlükələrdən çəkinməməsi Qoçun cəsarətli xarakteri ilə əlaqələndirilib.
Buğa – "John Wick"
Buğa üçün 2014-cü il istehsalı "John Wick" seçilib. Keanu Reevesin canlandırdığı Con Uik məqsədindən geri çəkilməyən və sədaqətinə sadiq qalan obrazdır. Bu xüsusiyyətlər Buğanın qərarlı və etibarlı xarakteri ilə uyğunlaşdırılıb.
Əkizlər – "Qırılma Nöktəsi" ("Point Break")
1991-ci il filmi Əkizlərlə əlaqələndirilib. Reevesin canlandırdığı Conni Yuta müxtəlif mühitlərə tez uyğunlaşan və fərqli insanlarla rahat ünsiyyət quran FBI agentidir. Onun çevikliyi və sürətli düşünməsi Əkizlərin çoxşaxəli xarakteri ilə əlaqələndirilir.
Xərçəng – "Sevgidə Her Şey Mümkün"
2003-cü ilin romantik komediyasında Reeves gənc həkim Culian Merseri canlandırır. Obrazın emosional zəkası, qayğıkeşliyi və qarşısındakı insanın hisslərini anlamağa çalışması Xərçəng bürcünün xüsusiyyətləri ilə uyğunlaşdırılıb.
Şir – "Kirpi Sonic 3"
Şir bürcü üçün 2024-cü ildə çəkilən "Kirpi Sonic 3" filmi seçilib. Reeves ekran qarşısına çıxmasa da, filmdə kölgə obrazı olan Şedou-nu səsləndirib. Xarakterin güclü və diqqətçəkən olması Şirin liderlik və xarizma xüsusiyyətləri ilə əlaqələndirilib.
Qız – "İstiqamət: Toy" ("Destination Wedding")
2018-ci il filmi Qız bürcünə aid edilib. Reeves və Vaynona Rayderin canlandırdığı personajlar insanlardan uzaq duran, analitik düşüncəli və seçici xarakterlərdir. Bu xüsusiyyətlərin Qız bürcünün detallara və məntiqə üstünlük verməsi ilə uyğun olduğu qeyd olunur.
Tərəzi – "Sürət" ("Speed")
1994-cü ildə çəkilən "Sürət" filmində Reeves Los-Anceles polisinin xüsusi əməliyyat əməkdaşı Cek Treveni canlandırır. Onun ədalət uğrunda mübarizəsi və hadisələr zamanı tarazlıq yaratmağa çalışması Tərəzinin ədalət və harmoniya axtarışı ilə əlaqələndirilib.
Əqrəb – "Şeytanın vəkili"
1997-ci ilin "Şeytanın vəkili" filmi Əqrəb bürcü ilə uyğunlaşdırılıb. Reevesin canlandırdığı vəkil Kevin Lomaks hadisələrin arxasındakı gizli həqiqətləri kəşf edir. Filmin sirr və dərin mənalar üzərində qurulması Əqrəbin araşdırmaçı və güclü sezgi sahibi olması ilə əlaqələndirilir.
Oxatan – "Bill və Tedin macəraları"
1989-cu ilin komediyası Oxatan bürcünə aid edilib. Filmdə Ted obrazını canlandıran Reeves zaman səyahətinə çıxan iki dostdan biridir. Macəra, yumor və yeni dünyaları kəşf etmək həvəsi Oxatanın azad ruhlu və macərapərəst xarakterini əks etdirir.
Oğlaq – "47 Ronin"
Oğlaq üçün 2013-cü il istehsalı "47 Ronin" filmi seçilib. Reevesin canlandırdığı Kay uzun müddət kənarda qalmasına baxmayaraq sədaqətindən və məqsədindən vaz keçmir. Onun intizamı, səbri və qarşısına qoyduğu məqsədə doğru addım-addım irəliləməsi Oğlaq bürcünün xarakteri ilə əlaqələndirilib.
Dolça – "Matrix"
1999-cu ilin məşhur "Matrix" filmi Dolça bürcünə uyğunlaşdırılıb. Reevesin canlandırdığı Neo yaşadığı dünyanın əslində simulyasiya olduğunu öyrəndikdən sonra sistemə qarşı mübarizəyə başlayır. Azad düşüncə, yenilikçilik və mövcud qaydaları sorğulamaq Dolçanın əsas xüsusiyyətləri ilə əlaqələndirilir.
Balıq – "Göl evi" ("The Lake House")
2006-cı ildə ekranlaşdırılan romantik dram Balıq bürcünə aid edilib. Reevesin canlandırdığı Aleks iki il fərqlə yaşayan Keyt adlı qadınla məktublar vasitəsilə əlaqə qurur. Filmdəki emosional və zamanın sərhədlərini aşan sevgi Balığın romantik, həssas və empatik xarakteri ilə uyğunlaşdırılıb.
Jalə

