Türkiyəli müğənni Yalın "Avropa Musiqi" şirkətinə qarşı məhkəməyə müraciət edib.
Demokrat.az xəbər verir ki, sənətçi üç albomunda yer alan ümumilikdə 33 mahnının müqavilə şərtlərinə zidd olaraq icazəsiz istifadə edildiyini və bunun müqabilində ona ödəniş edilmədiyini iddia edir.
Türkiyə mətbuatının məlumatına görə, Yalın İstanbul Fikri və Sənaye Hüquqları üzrə Mülki Məhkəməyə müraciət edərək şirkətdən ümumilikdə 1 milyon 50 min lirə təzminat tələb edib.
Söhbət müğənninin "Ben Bugün", "Bir Bakmışsın" və "Sen En Güzelsin" albomlarında yer alan 33 musiqi əsərindən gedir. Yalın şirkətin uzun müddət ərzində onun qonorar və gəlir paylarını ödəmədiyini, bunun nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını bildirib.
Sənətçinin vəkillərinin məhkəməyə təqdim etdiyi ərizədə qeyd olunub ki, "Avropa Musiqi" tərəfindən Yalının əldə etdiyi gəlirlərlə bağlı heç bir hesabat və məlumat təqdim edilməyib. Buna görə də mahnılardan əldə olunan ümumi gəlirin və müğənninin alacağının məhkəmə prosesi zamanı müəyyənləşdirilməsi tələb olunur.
Vəkillər 33 əsərin istifadəsi ilə bağlı Yalına 500 min lirə gəlir payının, 500 min lirə maddi və 50 min lirə mənəvi təzminatın ödənilməsini istəyiblər.
Beləliklə, müğənninin şirkətə qarşı qaldırdığı iddianın ümumi məbləği 1 milyon 50 min lirə təşkil edir. Məhkəmənin iş üzrə araşdırması nəticəsində Yalının tələb etdiyi məbləğin və tərəflərin hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi gözlənilir.
Jalə

