Daxili siyasət

Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidan ilə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı müzakirə edib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Vilayət Eyvazov Ali Fidan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, iki qardaş ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin və birgə fəaliyyətin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib.

O, polis əməkdaşlığı çərçivəsində keçirilən işçi görüşlərinin təcrübə mübadiləsinin aparılmasına, eləcə də praktiki fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri Ali Fidan qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, qlobal təhdidlərə, o cümlədən cinayətkarlığın ayrı-ayrı növlərinə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

JD
Jalə Davud