Hərbi

Silahlanmada yeni mərhələ başlayır — Açıqlama

Silahlanmada yeni mərhələ başlayır — Açıqlama

Baş nazir Əli Əsədov Nazirlər Kabinetində "2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları"nın müzakirəsində deyib ki, hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaq.

Hərbi ekspert Rövşən Məhərrəmov Demokrat.az-a açıqlamasında bildirib ki, dünyada gedən proseslər göstərir ki, biz bir dövlət olaraq hərbi müdafiə və milli təhlükəsizliyimizə diqqəti daha da artırmalıyıq:

Silahlanmada yeni mərhələ başlayır — Açıqlama

"Dövlət olaraq bu prosesləri nəzərə alaraq, təhlükəsizliyimizin qorunması istiqamətində büdcədən kifayət qədər maliyyə ayrılmalıdır ki, gələcəkdə də bunu təmin edə bilək. Digər tərəfdən, Azərbaycan 44 günlük müharibədən və qələbədən sonra yeni ordu modelinə keçdi. Azərbaycan Ordusunda NATO standartlarına uyğun ordu quruculuğuna start verildi və əsasən Türkiyə modeli seçildi. Bu modelə keçid üçün həmin dövrdə kifayət qədər iş görülməsi və maliyyə vəsaiti tələb olunurdu. Artıq ordumuz struktur baxımından Türkiyə modelinə keçib. Lakin bu, o demək deyil ki, həmin struktura uyğun silahlanma da tam şəkildə təmin olunub. Eyni zamanda, ştat strukturu təkcə bundan ibarət deyil ki, tam şəkildə həmin modelə keçək. Əgər biz bu modeli seçmişiksə, ştata uyğun silahlarla da təmin olunmalıyıq. Yəni Türk modelinə keçmişiksə, həmin ştata uyğun yeni-yeni silahlar əldə olunmalıdır. Ona görə də bu istiqamətdə büdcədən kifayət qədər vəsait ayrılmalıdır ki, Türk modelinə keçən hərbi hissələr ştatına uyğun silahlarla da təmin olunsunlar. Bu, vacib amillərdən biridir. Dünyada hər gün daha müasir silahlar ortaya çıxır".

Onun sözlərinə görə, Azərbaycan da öz ordusunu müasir silahlarla təmin etmək üçün yeni silahlar almalı və bu istiqamətdə addımlar atmalıdır:

"Təbii ki, bunun üçün də böyük maliyyə vəsaiti tələb olunur. Bundan əlavə, hərbçilərimizin, hərbi qulluqçularımızın sosial-məişət proqramları da nəzərdə tutulur və bu istiqamətdə də maliyyə vəsaiti ayrılır. Son zamanlar Azərbaycan Ordusunun 44 günlük müharibə təcrübəsi göstərdi ki, xüsusi təyinatlı hərbi hissələrin yaradılması da vacib amillərdən biridir. Bu baxımdan xüsusi təyinatlı qüvvələr yaradıldı və onların təminatı üçün də kifayət qədər maliyyə vəsaiti tələb olundu. Bir sözlə, dünyanın müxtəlif regionlarında müharibələr və toqquşmalar baş verir. Cənubi Qafqazda da, baxmayaraq ki, Azərbaycan qələbə qazanıb, Ermənistanla hələ sülh müqaviləsi bağlanmayıb. Azərbaycan elə bir regionda yerləşir ki, onun cənubda, şimalda qonşuları, Ermənistanla sərhədi və Xəzər dənizi ilə bağlı təhlükəsizlik məsələləri mövcuddur. Buna görə də Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi, yeni və müasir silahların alınması üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Güman edirəm ki, Baş nazir Əli Əsədov da öz çıxışında bunu nəzərə alaraq qeyd etmişdi.

Hesab edirəm ki, gələcəkdə də Azərbaycan yalnız bu illərdə deyil, hər il hərbi müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi istiqamətində xərcləri artırmalı və lazımi tədbirləri görməlidir. Bu, təbii və zəruri amillərdən biridir".

FH
Fidan Hacızadə
Müxbir