Hadisə

4 faizli içkidən sərxoş olub dava saldı, 9 aylıq cəzalandırıldı

4 faizli içkidən sərxoş olub dava saldı, 9 aylıq cəzalandırıldı

Şəmkir rayonunda 25 yaşlı oğlan həmkəndlisini bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Əliyaqublu kəndində baş verib. 2001-ci il təvəllüdlü Cavid yaşadığı evin yerləşdiyi küçədə mobil telefonla danışaraq ünvansız söyüşlər söyüb.

Bu zaman oradan keçən Emin onun söyüş söydüyünü zənn edib, aralarında mübahisə yaranıb. Mübahisə zamanı Cavid meyvə doğramaq üçün istifadə etdiyi bıçağı çıxararaq bir dəfə Eminin sol böyrək nahiyəsinə vurub.

Cavidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur:

"Zərərçəkmiş Emin həmkəndlimdir, aramızda heç bir münasibət yoxdur. Zərərçəkmiş şəxslə aramızda heç bir düşmənçilik və ədavət olmayıb. Məlum hadisə günü, saat 18 radələrində Şəmkir rayonu, Əliyaqublu kəndində yaşadığım evdə olan zaman spirtli içki olan "GO" içdim. Daha sonra siqaret çəkmək məqsədilə yaşadığım evin qarşısına çıxdım. Yaşadığım evin qarşısında siqaret çəkərək mobil telefonla oynamağa başladım. Həmin vaxt Emin küçədən keçərək əli ilə mənə salam verdi. Mən isə əsəbi olduğum üçün ünvansız söyüşlər söydüm. Bu zaman Emin mənə yaxınlaşdı və kimə söyüş söydüyümü soruşdu. Eminə heç kimə söyüş söymədiyimi bildirdim. Lakin Emin mənimlə mübahisə etməyə davam etdi. Mübahisə zamanı əynimdə olan qış gödəkçəsinin sağ yan cibindən meyvə doğramaq üçün istifadə olunan bıçağı çıxararaq bir dəfə Eminin sol böyrək nahiyəsinə vurdum, ona xəsarət yetirdim".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Emin onun yanından uzaqlaşıb:

"Mən də öz yaşadığım evə getdim. Hadisədən sonra həmin bıçağı yaşadığım evin tualetinə atdım".

İş üzrə zərərçəkmiş Eminin sözlərinə görə, məlum hadisə günü, saat 18 radələrində pomidor şitili almaq məqsədilə həmkəndlisi Vüsal adlı şəxsin yaşadığı evə gedib:

"Bu zaman yolda Cavid ilə rastlaşdım. Həmin vaxt əl qaldıraraq ona salam verdim. Cavid isə üzümə baxaraq ünvansız söyüşlər söyməyə başladı. Cavidə yaxınlaşaraq mənə söyüş söyüb-söymədiyini soruşdum. O isə mənə söyüş söymədiyini, mobil telefonda danışan zaman əsəbləşdiyi üçün söyüş söydüyünü bildirdi. Cavidin sərxoş vəziyyətdə olduğunu gördüyüm üçün oradan uzaqlaşmaq istədim. Lakin Cavid mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı o, əlini bükərək sol böyrək nahiyəmə bir dəfə zərbə vurdu. İlk öncə onun mənə yumruqla zərbə vurduğunu düşündüm. Lakin böyrək nahiyəmə baxan zaman köynəyimin deşildiyini və sol böyrək nahiyəmin qanadığını gördüm. Bu zaman Cavidin əlində olan iti kənarlı əşya ilə mənə xəsarət yetirdiyini anladım. Lakin Cavidin əlində olan əşyanı görməmişəm".

Emin qeyd edib ki, daha sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib və ona ilkin tibbi yardım göstərildikdən sonra yaşadığı evə qayıdıb. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını deyib.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cavid 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin yaşayış yerini cəzaçəkmə müddəti ərzində hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməsinə, habelə Şəmkir rayonunun inzibati ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulub.

Bundan əlavə, təqsirləndirilən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Fariz Məlikli

R
Redaktor