Hadisə

Binəqədidə ata oğlunu səs-küy yaratdığına görə bıçaqladı — Təfərrüat

Binəqədidə ata oğlunu səs-küy yaratdığına görə bıçaqladı — Təfərrüat

Bakının Binəqədi rayonunda 47 yaşlı kişi oğluna ağır xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində baş verib.

1979-cu il təvəllüdlü Tural fərdi yaşayış evində onunla birlikdə yaşayan oğlu Muradla (adlar şərtidir – red.) mübahisə edib.

Mübahisəyə səbəb Turalın mütəmadi olaraq spirtli içki qəbul edərək birlikdə yaşadıqları evdə səs-küy etməsi və evi natəmiz saxlaması olub.

Turalın barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü evdə səs-küy olduğundan yuxudan oyanıb:

"Daha sonra həyətə siqaret çəkməyə çıxdım. Həyətdə anamın bıçağı itilənməsi üçün qoyduğu iş avadanlıqları olub. Bıçağı itilədiyim müddətdə hələ də səs-küy kəsilmədi. Buna görə əsəbləşərək evə daxil olaraq, bıçaqla oğlumu arxadan vurdum. Daha sonra kurtkamı geyinərək həyətə çıxdım. Bu zaman iki nəfər qonşumun dayandığını gördüm və onlara təcili yardım çağırmalarını dedim. Bundan sonra qonşumun evinə getdim. Orada olanda mənə polis əməkdaşı zəng vurdu. Sabah gələrək təslim olacağımı dedim".

Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü sərxoş olduğundan səs-küyə əsəbləşib:

"Oğlumun hadisədən bir gün əvvəl ad günü olub. Evdə anam, atam və oğlum olmuşuq. Qardaşım da bizimlə yaşayır. Lakin hadisə günü evdə olmayıb. Oğlum əsgərlikdən gələndən sonra mənə əl qaldırıb. Mən sadəcə bu hərəkəti ilə oğlumu qorxutmaq istəmişəm. Əməlimdən peşmanam. Hadisə günü sərxoş idim. Bəlkə sərxoş olmasaydım, bu hadisə baş verməzdi. Oğlum spirtli içki qəbul etmir. Oğlum valideynlərimlə pis danışdığına görə əsəbləşmişəm. Oğlumu bıçaqla vuranda anam yatmışdı, atam isə çöldə olub. Oğlumun sağ tərəfindən vurmuşam. Oğlum qorxudan evdən çıxdı. İkinci zərbə endirməmişəm. Bizi heç kim aralaşdırmayıb".

İş üzrə zərərçəkmiş Murad ifadəsində göstərib ki, təqsirləndirilən şəxs onun atasıdır:

"Hadisə günü atam evdə içki içdi. Bunun üstündə aramızda söz-söhbətlərimiz oldu. Söz-söhbətin üstündə mən nənəmlə dalaşmağa başladım. Atam nə baş verdiyini soruşduqda, ona söyüş söyərək, yatmasını dedim. Bu zaman atam bıçağı mətbəxdən götürərək həyətə çıxdı ki, bıçağı itiləsin. Mən isə oturaraq yemək yeyirdim. Atam gələrək yanımdan keçərək öz otağına girdi. Otağından çıxandan sonra məni bıçaqla vurdu. Bu zaman oturduğum yerdən qalxaraq həyətə qaçdım. Sonra təcili yardım maşını gəldi. Məni xəstəxanaya apardılar. Orada əməliyyat olundum".

Zərərçəkmiş bildirib ki, əvvəllər atası ilə problemi olmayıb, sadəcə atası içkili olanda söhbətləri olub:

"Mən içki içən deyiləm. Hadisə günü içməmişəm. Hadisə günü nənəmi söyməmişəm, atamı söymüşəm. Atamın bıçağı götürməsini görmüşəm və itiləməsinin səsini eşitmişəm. Fikirləşməzdim ki, atam məni bıçaqla vurar. Yemək yediyim vaxt kürəyimin ortasından bıçaqla vurulmuşam. İkinci dəfə məni vurmayıb. Həmin günü nənəm otaqda olub, lakin yatmışdı. Babam isə həyətdə olub. Atam hadisə günü çox içmişdi".

Zərərçəkmiş ifadəsində atası ilə barışdığını, ona qarşı şikayəti olmadığını deyib. O, anası ilə arada danışdığını, onun hadisədən məlumatı olduğunu söyləyib:

"Mən xəstəxanada olduğum zaman əmim yanıma gedib-gəlirdi. Məni nənəm və babam böyüdüb. Atam işləyir, evi dolandırır".

Zərərçəkmiş ifadəsinin sonunda atası ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli

R
Redaktor