Bakının Sabunçu rayonunda 22 yaşlı oğlan sosial şəbəkədə mübahisə etdiyi şəxsi bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bərdə rayon sakini, 2004-cü il təvəllüdlü Təyyar tanışı Xəyyamla (adlar şərtidir – red.) "TikTok" sosial şəbəkəsində canlı yayında olan zaman mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında yaranmış qarşılıqlı anlaşılmazlıqdan irəli gələn mübahisəni aydınlaşdırmaq məqsədilə Xəyyamın çağırışı ilə görüşüblər. Orada şəxsi münasibətlərin pozulması nəticəsində mübahisə baş verib.
Mübahisə zamanı Təyyar Xəyyam tərəfindən döyülərək sağlamlığa zərər vurmayan bədən xəsarətləri alıb və yerə yıxılıb. Qarşılıqlı mübahisə zamanı Xəyyamın altında olduğu vəziyyətdə özündə olan bıçaqla ona iki zərbə endirib.
Təyyarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Təyyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xəyyamla orta məktəbdə birlikdə oxuyub, aralarında heç bir ədavəti və ya düşmənçiliyi olmayıb:
"Lakin Xəyyam mütəmadi olaraq mənə sataşıb, yerli-yersiz zarafatlar edərək mübahisəyə meylli olub. Mən həmişə Xəyyamı yola vermişəm. Sonuncu dəfə məlum hadisədən əvvəl, gecə saat 01-02 radələrində "TikTok" sosial şəbəkəsində adını xatırlamadığım şəxsin canlı yayımında olarkən Xəyyam da öz hesabı ilə yayıma daxil oldu və mənə nalayiq smayliklər göndərdi. Mən də cavab olaraq ona qarşılıqlı smayliklər yolladım".
Təqsirləndirilən şəxs deyib ki, canlı yayım bitdikdən sonra Xəyyam ona zəng edib, onunla probleminin olub-olmadığını soruşub:
"Xəyyama onunla heç bir problemimin olmadığını dedim. Ondan mənimlə problemi olub-olmadığını soruşdum, harada olduğunu soruşdum. O da evdə olduğunu dedi. O, Sabunçuya gələndə mənimlə görüşəcəyini bildirdi".
Təyyar qeyd edib ki, məlum hadisə günü, axşam işə gedən zaman Xəyyam ona zəng edərək dəmir yolunda, "marketin yanına gedəcəyini və onun da ora gəlməsini deyib:
"Mən də onunla razılaşdım və həmin yerə getdim. Orada Xəyyamın olduğunu görərək onunla söhbət etməyə başladım. Söhbət zamanı ondan mənimlə nə problemi olduğunu soruşdum. O, nalayiq ifadələr işlətdiyi üçün onu vurdum. Bundan sonra biz dalaşmağa başladıq və hər ikimiz yerə yıxıldıq. Yerdə olan zaman Xəyyam mənim başıma, gözümə, burnuma vurduğu üçün onun üstümdən düşməsi üçün bıçaqla iki dəfə zərbə vurdum. Daha sonra oradan qaçaraq uzaqlaşdım və bıçağı yolda tulladım. Hadisədən iki gün sonra bölməyə gedərək təslim oldum".
İş üzrə zərərçəkmiş Xəyyamın sözlərinə görə, "TikTok" sosial şəbəkəsində canlı yayımlara baxan zaman Təyyarın səhifəsini görüb:
"Səhifəsində olan profil şəklinə baxdım, Təyyarı tanıyaraq onunla eyni sinifdə oxuduğumu xatırladım. Həmin vaxt istəmədən əlim dəydi və ona boş sabitlənmə getdi. Bundan sonra bir-birimizə emoji atdıq. Mən ona orta barmaq işarəsi deyil, gülmək emojisi atmışam. Bundan 1-2 gün sonra şəhərdə olan zaman yenə "TikTok" sosial şəbəkəsində canlı yayım açdım. Həmin vaxt Təyyar mənə Sabunçuya keçəndə söhbət etməyimizi dedi. Mən də razılaşdım".
Xəyyam deyib ki, məlum hadisə günü, saat 21 radələrində Sabunçuya, Təyyargilin evinin yaxınlığında olan marketə gedib və orada 20 dəqiqə onu gözləyib:
"Bundan sonra Təyyarın iki dostu gəldi, mənə Təyyarın evdə problemi olduğunu və çıxa bilmədiyini dedilər. Əvvəlcə mən Təyyarın yanına getmək istəmədim. Onunla sonra danışacağımı fikirləşdim. Lakin Təyyarın dostlarından biri – Tapdıq dedi ki, gedək ora, narahat olma, şirinliklə söhbət bağlansın. Bu səbəbdən Təyyarın yanına getməyə qərar verdim. Həmin vaxt yanımda Tapdıq və digər iki nəfər şəxs olub. Bundan sonra dəmir yolunun kənarına gedərək Təyyarla görüşdüm. Biz söhbət etmək üçün digər şəxslərdən aralandıq. Həmin vaxt Təyyar mənə nəsə dediyi üçün aramızda mübahisə yarandı və bir-birimizə yumruq ataraq dalaşmağa başladıq. Dalaşan zaman Təyyarı altıma yıxdım. Orada olan uşaqlar bizi araladıqdan sonra gedərkən qarnımın piyinin sallandığını gördüm. Təyyar məni bıçaqlayan vaxt heç nə hiss etməmişəm. Onun əlindəki bıçağı sonradan görmüşəm. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparıldım və orada əməliyyat olundum. Nəticədə böyrəyim və dalağım götürüldü".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təyyar 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilib. O, hökmün dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

