Özəl

Gələn il də qiymətlər ucuzlaşmayacaq — Səbəb

Gələn il də qiymətlər ucuzlaşmayacaq — Səbəb

Azərbaycanda illik inflyasiya 5,7 faiz təşkil edib. 2027-ci ildə isə orta illik inflyasiyanın 5,3 faizə qədər azalacağı proqnozlaşdırılır. Bu göstəricilər fonunda gələn il qiymətlərin dinamikası və inflyasiyanın əhalinin gündəlik xərclərinə təsiri diqqət çəkir.

2027-ci ildə inflyasiyanın 5,3 faizə düşməsi qiymətlərin ucuzlaşacağı anlamına gəlirmi? Ümumilikdə, gələn il hansı məhsul və xidmətlər üzrə qiymət dəyişiklikləri gözlənilə bilər?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu, 5,7%-dən 5,3%-ə, yəni 0,4 faiz bəndi azalma deməkdir:

Gələn il də qiymətlər ucuzlaşmayacaq — Səbəb

"Nəzərəçarpacaq azalma deyil. 0,4 faiz bəndi inflyasiyanın azalması qiymətlərin aşağı düşməsi və ya vətəndaşların gündəlik xərclərinin ucuzlaşması anlamına gəlmir. Ona görə də bu göstəriciyə əsaslanaraq qiymətlərin azalacağı ilə bağlı indidən gözləntilərin yaranması doğru deyil. Əslində burada söhbət qiymətlərin azalmasından yox, qiymət artımının tempinin cüzi şəkildə zəifləməsindən gedir. Yəni bu il inflyasiya 5,7% olubsa, gələn il orta illik inflyasiyanın 5,3% olması bugünkü qiymətlərin gələn il də orta hesabla 5,3% artacağı deməkdir. Başqa sözlə, qiymətlər aşağı düşməyəcək, sadəcə artım tempi 0,4 faiz bəndi zəifləyəcək".

İqtisadçının fikrincə, bu baxımdan, vətəndaşın gündəlik həyatında ciddi ucuzlaşma gözləmək düzgün olmaz:

"Ərzaq, xidmətlər, kommunal və digər xərclər üzrə qiymətlərdə artım davam edə bilər. Sadəcə həmin artımın sürəti əvvəlki illə müqayisədə müəyyən qədər aşağı ola bilər. Ona görə də 5,7%-dən 5,3%-ə enməni qiymətlərin azalması kimi təqdim etmək doğru deyil. Bu, inflyasiyanın səviyyəsində deyil, artım tempində müəyyən qədər azalma deməkdir. Yəni gələn il də qiymət artımlarını, çox güman ki, müşahidə edəcəyik. Əsas məsələ isə gəlirlər və əməkhaqqının bu qiymət artımlarına nisbətdə necə dəyişəcəyidir. Əgər gəlirlər qiymət artımını kompensasiya edəcək səviyyədə artmasa, inflyasiyanın cüzi şəkildə aşağı düşməsi vətəndaşın real alıcılıq qabiliyyətində ciddi fərq yaratmaya bilər".

FH
Fidan Hacızadə
Müxbir