Valyuta bazarında dollar təklifinin tələbi üstələməsi və əhalinin dollar satışının alışını keçməsi son dövrdə diqqət çəkən məqamlardandır. Mərkəzi Bank da valyuta bazarında təklifin tələbi üstələdiyini və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etdiyini bildirir.
Bəs dollar təklifinin artması və əhalinin dollara marağının azalması qarşıdakı dövrdə manatın məzənnəsinə və dollar tələbinə necə təsir edə bilər?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, bu proses hazırda ölkədə əhali arasında dedollarizasiya prosesinin davam etdiyini göstərir.

Onun sözlərinə görə, insanlar öz yığımlarını əvvəlki kimi dollarla deyil, daha çox manatla saxlamağa üstünlük verirlər:
"Hesab edirəm ki, bu tendensiyanın formalaşmasında manatın uzun müddət ərzində sabitliyini qoruması da mühüm rol oynayır. Eyni zamanda, ölkə daxilində müəyyən iqtisadi aktivlik müşahidə olunur. İnsanlar gündəlik və iqtisadi fəaliyyətlərini daha çox manatla həyata keçirdikləri üçün əlavə dollar yığımına əvvəlki qədər ehtiyac yaranmır. Bu da əhalinin valyutaya münasibətində müəyyən dəyişikliklərin baş verdiyini göstərir.
Hesab edirəm ki, bu prosesə idxal həcmlərinin də müəyyən təsiri var. İdxal əməliyyatlarının həcmi və valyutaya olan tələbin səviyyəsi daxili valyuta bazarındakı proseslərə təsir edən amillərdəndir.
Əlbəttə ki, belə bir proses müəyyən formada manatın sabitliyini və dayanıqlığını daha da təmin edir. Əhali arasında manata inamın qorunması və yığımların milli valyutada saxlanılması manatın mövqeyini dəstəkləyən amillərdən biri hesab oluna bilər.
Bu baxımdan hesab edirəm ki, yaxın illərdə manatın devalvasiya risklərinin azaldığını və sabitliyin davam etdiyini görə bilərik".

