Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. Belə ki, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında deyib ki, bu qadağa əslində gözlənilən idi:

"Yəni kartlara limitin tətbiq olunmasından sonra bu istiqamətdə tənzimləyici qərarın, belə bir məhdudiyyətin olması gözlənilən idi. Çünki şəxs banklarda belə bir məhdudiyyətin olmamasından istifadə edərək öz adına hər filialdan və ya onlayn qaydada çoxsaylı kart sifariş edə bilərdi. Məsələn, ölkənin ən böyük, ilk üçlükdə olan banklarının ən azı 20-dən çox filialı var, bəzilərində isə bu rəqəm 50-dən də yuxarıdır. Bir şəxs hər filiala daxil olaraq özünə kart sifariş edir. Son dövrlərdə pərakəndə satış marketlərində də bu kartların satışı həyata keçirilir. Yəni eyni valyuta üzrə kart sayına limit olmadığı üçün şəxs çoxsaylı kart əldə edə, onları aktivləşdirə və beş əməliyyatlıq limitdən çox rahatlıqla istifadə edə bilərdi. Daha əvvəlki müsahibələrimdə də bildirmişdim ki, 5 saylı limit tətbiq olunarkən, yəni qüvvəyə minərkən, banklara bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiq olunmasını tövsiyə etmişdim. Çünki kartların sifarişi sahəsində hər hansı məhdudiyyət yox idi. Bu istiqamətdə də müəyyən tənzimləyici addımların atılması lazım idi ki, şəxslər bu boşluqlardan sui-istifadə etməsinlər və əvvəlki maliyyə əməliyyatlarını həyata keçirmək üçün kartlardakı bu imkanlardan istifadə etməsinlər. Bu səbəbdən belə bir limitin və məhdudiyyətin tətbiq olunması avqust ayında tətbiq edilən qadağaların məntiqi davamıdır və bir növ tənzimləyici xarakter daşıyır. Kart bazarına isə bunun ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki ümumi əməliyyatların, yəni kartların nəzərdə tutulduğu əməliyyatların həyata keçirilməsi üçün bir şəxsə, ən çox halda, bir və ya iki kart kifayət edir. Bankın məhsullarından və xidmətlərindən asılı olaraq tariflər də təxminən eyni olduğuna görə, bir və ya iki bankdan kart götürərək öz əməliyyatlarını həyata keçirmək normal haldır".
Ekspert əlavə edib ki, qeyri-qanuni və ya kommersiya əməliyyatlarının kartdan-karta köçürmələr vasitəsilə həyata keçirilməsi üçün şəxslərin bir neçə bankdan, hətta bir neçə filialdan çoxsaylı kart əldə etməsinə gəldikdə, bu, əlbəttə ki, tənzimləmə tələb edən yanaşmadır:
"Belə bir məhdudiyyət həmin halların qarşısının alınmasına yönəldiyi üçün, müəyyən dərəcədə kartların sayının azalmasına təsir göstərsə də, daha sağlam əməliyyatların aparılmasını və kartdan-karta köçürmələrin təyinatı üzrə həyata keçirilməsini təşviq edəcək. Ümumilikdə, plastik kartlardan onların qanuni və nəzərdə tutulmuş təyinatı üzrə istifadə olunmasına şərait yaradacaq və bu da kart bazarında tənzimləyici rol oynayacaq. İstənilən halda, istər onlayn qaydada, istərsə də filiallarda, yəni ön satış ofislərində müştəri məmnuniyyətinin qorunması hər zaman bankların prioritet məsələlərindən biri olub. Bankların ön ofisləri, bizim ifadəmizlə, "front office" müştəri məmnuniyyətinin qorunması üçün maksimal dərəcədə effektiv çalışmalı və müştəriləri razı yola salmalıdır. Bu şərtin tətbiq olunması ilə bağlı müştərilər arasında narazılıqlar yarana bilərmi? Belə narazılıqlar məhsul və xidmətlər üzrə müəyyən dövrlərdə yarana bilər. Lakin banklar bu məhdudiyyətlərin mahiyyətini müştərilərə düzgün şəkildə çatdırarsa, bu, həm müştəri məmnuniyyətinin qorunmasına, həm də narazı müştərilərin sayının azalmasına gətirib çıxara bilər. Banklar bu qərarın mahiyyətini düzgün anlamalı və müştərilərə də düzgün izah etməlidirlər. Məhdudiyyətin nə üçün tətbiq olunduğunu və buna hansı səbəblərin gətirib çıxardığını düzgün izah etdikləri halda, müştərilər də bunu anlayışla qarşılayacaqlar. Bu isə nəticə etibarilə müştərilərin narazı qalmamasına və bankdan razı ayrılmasına səbəb ola bilər".

