Xarici siyasət

Dialoqdan diplomatik kapitala: Bakı yeni xarici siyasət nişi formalaşdırır?

Dialoqdan diplomatik kapitala: Bakı yeni xarici siyasət nişi formalaşdırır?

Son illərdə Bakı yalnız siyasi danışıqların, enerji və nəqliyyat layihələrinin müzakirə edildiyi məkan kimi deyil, dinlərarası və mədəniyyətlərarası dialoqun keçirildiyi beynəlxalq platformalardan biri kimi də diqqət çəkir. Müxtəlif dinlərin nümayəndələrinin, dini liderlərin və beynəlxalq təşkilatların Azərbaycanda bir araya gəlməsi artıq ayrı-ayrı tədbirlərin deyil, daha uzunmüddətli diplomatik xəttin əlaməti kimi nəzərdən keçirilə bilər.

Sentyabr ayında Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin görüşü və Seyid Yəhya Bakuvi irsinə həsr olunmuş beynəlxalq konfrans bu prosesin son nümunələrindəndir. Tədbirlərdə Türk dünyası ilə yanaşı, müxtəlif ölkə və beynəlxalq İslam institutlarının nümayəndələrinin iştirakı dini dialoqun sərhədlərinin getdikcə genişləndiyini göstərirdi.

Lakin burada diqqət çəkən məsələ keçirilən konfransların sayı deyil. Əsas sual başqadır: din və mədəniyyətlərarası dialoq Azərbaycanın müasir diplomatiyasında hansı rolu oynaya bilər?

Prezidentin mesajı: dini liderlərin diplomatik məsuliyyəti

Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində səsləndirdiyi fikirlər bu məsələyə daha geniş siyasi məna verir.

Dövlət başçısı Azərbaycanın həm Türk dünyasının bir hissəsi, həm də Qafqaz ölkəsi olduğunu vurğulayaraq müxtəlif ölkələrin dini rəhbərlərinin Bakıda bir araya gəlməsinin əhəmiyyətinə diqqət çəkdi. Prezidentin çıxışındakı mühüm məqamlardan biri dini liderlərin yalnız dini icmalar daxilində deyil, sülhün təşviqində də rol oynaya bilməsi ilə bağlı idi.

İlham Əliyevin qeyd etdiyi kimi, dini liderlərin "sülh, əməkdaşlıq, əmin-amanlıq və barışıq" haqqında mesajları onların təmsil etdikləri regionlarda sülh prosesinə töhfə verə bilər.

Bu fikir əslində müasir diplomatiyada getdikcə daha çox müzakirə olunan bir anlayışa - dini diplomatiyaya toxunur.

Diplomatiya artıq yalnız xarici işlər nazirliklərinin fəaliyyəti ilə məhdudlaşmır. Dövlətlər mədəniyyətdən, təhsildən, humanitar əməkdaşlıqdan və dini dialoqdan da beynəlxalq kommunikasiya vasitəsi kimi istifadə edirlər. Bəzi hallarda dini liderlər və ictimai institutlar rəsmi siyasətin çata bilmədiyi auditoriyalarla ünsiyyət qurmaq imkanına malik olurlar.

Bakı niyə belə bir platformaya çevrilə bilir?

Azərbaycanın burada müəyyən üstünlükləri var.

Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan dünyəvi dövlətdir. Ölkədə şiə və sünni icmaları ilə yanaşı, xristian və yəhudi dini icmaları da fəaliyyət göstərir. Coğrafi baxımdan isə Azərbaycan Qafqaz, Türk dünyası, İslam dünyası, İran, Rusiya və Avropa siyasi məkanlarının kəsişməsində yerləşir.

Tarixən mürəkkəb görünən bu coğrafiya müasir diplomatiya baxımından üstünlüyə də çevrilə bilər.

Azərbaycanın son illərdə apardığı siyasətdə məhz bu xüsusiyyətdən istifadə etmək cəhdi görünür: müxtəlif dünyalar arasında seçim etmək əvəzinə, onların görüşə biləcəyi platforma yaratmaq.

Bu xətt yeni deyil. Bakı Prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, dünya dini liderlərinin görüşləri və digər beynəlxalq təşəbbüslər uzun müddətdir Azərbaycanın beynəlxalq fəaliyyətinin bir hissəsidir.

Bu baxımdan son dini konfransları ayrıca hadisələr kimi deyil, təxminən iyirmi ilə yaxın müddətdə formalaşan daha geniş "dialoq diplomatiyası"nın davamı kimi qiymətləndirmək mümkündür.

Türk dünyasından İslam dünyasına

Bu diplomatiyanın dairəsi də genişlənir.

Bir tərəfdən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq artıq yalnız siyasət, iqtisadiyyat və nəqliyyatla məhdudlaşmır. Mədəniyyət, təhsil, ortaq tarixi irs və dini institutlar arasında əlaqələr də Türk dünyasının institusional yaxınlaşmasının bir hissəsinə çevrilir.

Digər tərəfdən Azərbaycan İslam dünyasında da diplomatik fəallığını genişləndirir. İslam Əməkdaşlıq Təşkilatı və müxtəlif beynəlxalq İslam institutları ilə münasibətlər, müsəlman dini liderlərinin Bakıya səfərləri və 2027-ci ildə İƏT sammitinin Azərbaycanda keçirilməsinin nəzərdə tutulması bu istiqamətin davam edəcəyini göstərir.

Beləliklə, Bakının diplomatik fəaliyyətində bir neçə dairə eyni zamanda kəsişir:

Qafqaz, Türk dünyası, İslam dünyası və daha geniş dinlərarası dialoq məkanı.

Bu, Azərbaycan üçün maraqlı diplomatik imkan yaradır.

Dialoq da siyasi kapitaldır

Beynəlxalq münasibətlərdə dövlətlərin təsiri yalnız hərbi və iqtisadi güclə ölçülmür. Bəzən müxtəlif tərəfləri bir masa arxasına gətirmək, onların danışa biləcəyi məkan yaratmaq və uzunmüddətli əlaqələr formalaşdırmaq da siyasi kapital yaradır.

Məhz buna görə beynəlxalq konfranslara sadəcə protokol tədbirləri kimi baxmaq düzgün olmazdı.

Dini liderlərin, siyasətçilərin, alimlərin və beynəlxalq təşkilatların mütəmadi olaraq eyni şəhərdə görüşməsi zamanla həmin şəhərin müəyyən diplomatik funksiyası ilə assosiasiya olunmasına səbəb ola bilər.

Bununla belə, yalnız konfrans keçirmək diplomatik təsir demək deyil. Azərbaycanın qarşısında duran əsas məsələ belə platformaları davamlı əlaqələrə, yeni institutlara, vasitəçilik imkanlarına və konkret beynəlxalq təşəbbüslərə çevirməkdir.

Məhz burada "dialoq diplomatiyası"nın real gücü sınaqdan keçir.

Azərbaycanın diplomatik xəritəsinə yeni istiqamət

Uzun illər Azərbaycanın beynəlxalq əhəmiyyəti əsasən enerji ehtiyatları və enerji təhlükəsizliyi ilə izah edilirdi. Son illərdə buna nəqliyyat və tranzit amili də əlavə olunub. Orta Dəhliz, Xəzər üzərindən bağlantılar və Şərqlə Qərbi birləşdirən marşrutlar Azərbaycanın geosiyasi mövqeyinə yeni məna verir.

Lakin bu mənzərədə daha az müzakirə edilən başqa bir istiqamət də formalaşır:

mədəniyyət, din və dialoq diplomatiyası.

Prezident İlham Əliyevin Bakıda dini liderlər qarşısında sülh, əməkdaşlıq və barışıq mesajlarını xüsusi vurğulaması da bu baxımdan diqqətəlayiqdir. Dini liderlərin sülhə töhfə verə biləcəyini ifadə edən bu yanaşma dini dialoqu sırf mənəvi və ya teoloji müstəvidən çıxararaq daha geniş beynəlxalq münasibətlər kontekstinə gətirir.

Azərbaycanın coğrafiyası əsrlər boyu onu müxtəlif dünyaların kəsişməsində yerləşdirib. Müasir Azərbaycan diplomatiyasının qarşısında duran imkan isə bu kəsişməni sərhəd deyil, dialoq məkanına çevirməkdir.

Bəlkə də Bakının formalaşdırmağa çalışdığı yeni diplomatik rolun mahiyyəti məhz budur.

Athar Mahmood

ADU-nun Pakistan Mədəniyyət Mərkəzinin rəhbəri

JD
Jalə Davud