İdman

Sevgilinin paylaşımı İkardiyə baha başa gəldi: 2099-cu ilə qədər cəza aldı

Sevgilinin paylaşımı İkardiyə baha başa gəldi: 2099-cu ilə qədər cəza aldı

"İnter"in keçmiş ulduzu Mauro İkardi yeni problemlə üzləşib. Argentinalı futbolçunun avtomobil idarə etməsinə qadağa qoyulub. Qərarın onun hazırkı sevgilisi Çina Suarez-in sosial media paylaşımından sonra verildiyi bildirilir.

Demokrat.az xəbər verir ki, İspaniyanın "AS" nəşrinin məlumatına görə, Suarezin paylaşdığı videoda bir sıra yol hərəkəti qaydalarının pozulduğu əks olunub. Görüntülərdə Icardinin avtomobili idarə etdiyi, sevgilisinin isə təhlükəsizlik kəməri taxmadan və hərəkətdə olan avtomobilin pəncərəsindən bədəninin böyük hissəsini çıxararaq oturduğu görünür.

Daha sonra futbolçunun sürücülük vəsiqəsinin müddətinin də başa çatdığı müəyyənləşib.

Buenos-Ayres şəhərinin Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilən qərara əsasən, İkardinin sürücülük hüququ müvəqqəti olaraq dayandırılıb. Qərarın qüvvədə olma müddətinin sonu isə simvolik olaraq 1 yanvar 2099-cu il göstərilib.

Rəsmi qurum bildirib ki, futbolçu yenidən sürücülük vəsiqəsi əldə etməzdən əvvəl müvafiq qiymətləndirmədən keçməlidir.

"Sürücülükdən məhrumetmə qərarı verdik. Yeni vəsiqə almadan əvvəl onun avtomobil idarə etmək qabiliyyəti qiymətləndirilməlidir. Yol təhlükəsizliyi istisnaya yol vermir", deyə açıqlamada bildirilib.

Futbolçu karyerası baxımından da İkardinin gələcəyi hələlik məlum deyil. "Qalatasaray"la müqaviləsi başa çatdıqdan sonra klubsuz qalan argentinalı hücumçunun adı Qətər, Meksika və Argentina çempionatlarında çıxış edən bir sıra komandalarla hallanır. Lakin 33 yaşlı futbolçunun hansı klubda karyerasını davam etdirəcəyi ilə bağlı hələlik rəsmi razılaşma yoxdur.

Jalə

JD
Jalə Davud