Özəl

Vanya Velikova prezidentliyə namizəd oldu, ara qarışdı - FOTOLAR

Vanya Velikova prezidentliyə namizəd oldu, ara qarışdı - FOTOLAR

Bolqarıstanda oktyabrın 25-də keçiriləcək prezident seçkisində pop-folk müğənnisi Vanya Velikova da müstəqil namizəd kimi iştirak edir.

Demokrat.az xəbər verir ki, Velikovanın vitse-prezidentliyə namizədi isə ölkədə "Patso" ləqəbi ilə tanınan, "Big Brother" realiti-şousunun üçüncü mövsümündən məşhurlaşan Panayot Kyuçukovdur. Bolqarıstan mətbuatının "ən qeyri-adi namizəd cütlüklərindən biri" adlandırdığı ikili 2 894 seçici imzası toplayaraq namizədliyini rəsmiləşdirib və seçki bülletenində 3-cü nömrə ilə yer alacaq.

Velikova və Patso hazırkı prezident İliyana Yotovanın da daxil olduğu 27 namizəd cütlüyü ilə mübarizə aparacaq.

İctimaiyyət onu Vanya Velikova kimi tanısa da, müğənninin rəsmi sənədlərdəki adı İvanka Velikova Tsvetanova-Petkovadır. Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-də qəbul etdiyi qərarla Velikovanı müstəqil prezidentliyə namizəd, keçmiş futbolçu Panayot Aleksandrov Kyuçukovu isə vitse-prezidentliyə namizəd kimi qeydə alıb. Onları namizəd göstərən təşəbbüs komitəsini Todor Stoyçev Todorov təmsil edir.

Müstəqil namizədlər üçün tələb olunan minimum hədd 2 500 seçici imzası idi. Velikova-Kyuçukov siyahısı bu həddi 2 894 imza ilə keçib. Komissiyaya ümumilikdə 28 namizəd cütlüyü müraciət edib. Yavor Genov-Maksim Velkov cütlüyünün qeydiyyatı sentyabrın 22-də ləğv edildikdən sonra seçkidə 27 cütlük qalıb.

Sentyabrın 23-də keçirilən püşkatma nəticəsində seçki bülletenindəki nömrələr də müəyyənləşib. Velikova və Patso 3-cü nömrə ilə yer alıb. Hazırkı prezident İliyana Yotova isə Bolqarıstan Xəbər Agentliyinin (BTA) baş direktoru Kiril Valçevlə birlikdə 25-ci nömrə ilə seçkidə iştirak edəcək. "Vazrajdene" partiyasının lideri Kostadin Kostadinov 11, MEÇ partiyasından Radostin Vasilev isə 17-ci nömrə ilə mübarizə aparacaq.

Yotovanın seçki qərargahının həmsədri bildirib: "Hesab edirik ki, xanım Yotova və cənab Valçev Bolqarıstanı Avropa istiqamətində irəli aparacaqlar". Eyni seçki siyahısında pop-folk ulduzu ilə realiti-şou iştirakçısı da yer alıb.

Lakin əsas müzakirələr Velikovanın "sarışın bir qadın gəlib ölkəni xilas edəcək" peyğəmbərliyi üzərində qurulan açıqlamalarından sonra başlayıb.

Bolqarıstanın "Crimes.bg" xəbər saytına danışan Velikova namizədliyini irəli sürməsinin səbəbini belə izah edib:

"Bir müddətdir sarışın bir qadının gəlib bu ölkəni düşdüyü bataqlıqdan çıxaracağını eşidirəm. Qiymətlərə baxın, hər gün yüksəlir, siyasətçilər isə cəfəngiyyatlarla və özləri ilə məşğuldurlar. Artıq həqiqətən xalqın içindən çıxan və xalqı düşünən birinin gəlməsinin vaxtıdır".

Bu açıqlamalar Bolqarıstanın maqazin mətbuatında istehzalı başlıqlara səbəb olub. "Goreshto.net" nəşri xəbəri "De, ey xalq!" başlığı ilə təqdim edərək "sarışın qadın prezident" peyğəmbərliyinin nəhayət gerçəkləşdiyini yazıb. "Eurocom" isə ikilinin "Təki bizi seçsinlər, hər şeyi düzəldəcəyik" açıqlamasını manşetə çıxarıb. "Fakti.bg" saytının şərh bölməsində oxucular namizədliyi "siyasi sirk" adlandırıblar.

Patso isə bunun zarafat olmadığını "Bulgaria Dnes" qəzetinə açıqlamasında təsdiqləyib: "Doğrudur, seçki bülletenindəki nömrə üçün püşkatmanı gözləyirik".

Seçki kampaniyası sentyabrın 25-də rəsmən başlayıb. Sofiyada Dondukov küçəsi 2 ünvanında yerləşən Prezident Administrasiyası uğrunda mübarizə artıq başlayıb. Seçicilər oktyabrın 25-də səs verəcəklər. Birinci turda nəticə müəyyənləşməzsə, ikinci tur noyabrın 1-də keçiriləcək.

Vanya Velikova prezidentliyə namizəd oldu, ara qarışdı - FOTOLAR

Vanya Velikova prezidentliyə namizəd oldu, ara qarışdı - FOTOLAR

Vanya Velikova prezidentliyə namizəd oldu, ara qarışdı - FOTOLAR

Jalə

JD
Jalə Davud